Ramanada hektarlarla meşə zolağı məhv edilir: İDDİA - VİDEO

Ramanada hektarlarla meşə zolağı məhv edilir: İDDİA - VİDEO

Ərazidə yerləşən torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?! 

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “2-ci sahə” adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktı aşkarlanıb. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır və yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır.

Bakucity.az xəbər verir ki, “Demokrat.az”ın əməkdaşları sakinlərin şikayəti əsasında sözügedən əraziyə gedərək, oradakı vəziyyətlə yerində tanış olublar.

Sözügedən ərazi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının təhlükəsizlik zolağına bitişik zonada yerləşir. Burada nəinki yaşayış evlərinin, hətta hər hansı iaşə obyektlərinin tikintisi belə qəti qadağandır. Hətta, bu qadağa barədə məlumat Hava Limanının sərhəd zolağında vurulmuş xəbərdarlıq lövhəsində də əks olunub. Ancaq bütün bunlara baxmayaraq bu ərazidə ağacların çox hissəsi məhv edilib, digər hissələri isə ayrı-ayrı vətəndaşlar tərəfindən hasarlanıb.

Sakinlərlə söhbət zamanı aydın olub ki, sözügedən yaşıllıq əraziləri vətəndaşlara Balası adlı “makler” tərəfindən satılır.

Sakinlər iddia edirlər ki, Balası adlı şəxs onlardan külli miqdarda pul alaraq, torpaqları satan zaman qanunu sənədlərini də verəcəyini söz verib. Ancaq həmin ərazidə ev tikən vətəndaşların əksəriyyətinin sənədlərini hələ də onlara təqdim olunmayıb.

Sakinlər yaşıllıqlarının məhv edildiyi ərazidə Balası adlı “makler”in özünün də dəbdəbəli villasının olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, sözügedən meşə zolağı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olsa da, ancaq onların biganəliyi nəticəsində bəzi işbazlar tərəfindən ağaclar olan torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. 

“Buradakı yaşıllıqların məhv edilməsində Balası, Dilqəm və Xəzər rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Rəşad adlı şəxs məsuliyyət daşıyırlar. Onların iştirakı ilə bu torpaqlar qanunsuz şəkildə satılır”, – deyə sakinlər əlavə edib.

Şikayətçi olan sakinlər sözügedən ərazidə törədilən qanunsuz əməllərlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Sözügedən ittihamlarda adı hallanan Balası adlı şəx Demokrat.az-a açıqlamasında həmin ərazilərdə heç bir ağac kəsmədiyini bildirib:

“Mən nə ağac kəsməmişəm, nə də meşə zolağını satmamışam. Haqqımda səsləndirilən ittihamlar yalandır. Mənə qarşı bütün bu yalanları uyduran və şikayətçiləri üzərimə qaldıran bir nəfərdir. İndi o adam qaçıb xaricdə gizlənib, bunları da o edir”.

BakuCity.Az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər