Bakıda mühüm iclas: AFFA baş məşqçi ilə yolları ayırdı - QƏRARLAR

Bakıda mühüm iclas: AFFA baş məşqçi ilə yolları ayırdı - QƏRARLAR

Baş məşqçilərlə müqavilə dayandırıldı

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

BakuCity.az xəbər verir ki, aparılmış müzakirələr nəticəsində bir sıra qərarlar qəbul olunub.

Belə ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilib. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunub.

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılıb. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılacaq.

“Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdiriləcək və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.

Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub və hesabata əsasən, İcraiyyə Komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.

BakuCity.az

AFFA baş məşqçi iclas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər