Bakıda kiçik SES tikilib - VİDEO

Bakıda kiçik SES tikilib - VİDEO

Daha bir kiçik SES-in tikilməsi planlaşdırılır

Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində kiçik Su Elektrik Stansiyası (SES) tikilib.

Bu barədə BakuCity.az-a “Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

“Azərenerji” ASC sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib.

Belə ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən kiçik SES-ə daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. 

Stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı, xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

300 kilovatlıq kiçik SES vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və  “Şimal-2” Elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd edək ki, “Azərenerji” ASC “Şimal” Elektrik Stansiyasında olduğu kimi, digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” Elektrik Stansiyasının daxilində də belə bir kiçik SES-in tikilməsi planlaşdırılıb.

BakuCity.az

Bakı Azərenerji su elektrik stansiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər