Bakı teatrlarında Yeni il tamaşaları - QİYMƏTLƏR

Bakı teatrlarında Yeni il tamaşaları - QİYMƏTLƏR

Biletlərin qiymətinə hədiyyələr də daxildir

Paytaxt teatrlarında hər il olduğu kimi bu il də uşaqlar üçün Yeni il tamaşaları olacaq. Özünəməxsus ssenari və quruluşu ilə fərqlənən teatrlar fərqli tamaşalarla balacaların görüşünə gəlir.

BakuCity.az artıq hazırlıq işlərinə başlayan teatrlardan bayram proqramı ilə bağlı məlumatları təqdim edir.

Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova saytımıza açıqlamasında deyib ki, dekabrın 27-dən yanvarın 5-dək gün ərzində 4 seans olmaqla Yeni il şənlikləri davam edəcək:

“Quruluşçu rejissorlar Anar Babalı və Zaur Əliyevin  “Bremen musiqiçiləri və Pen” tamaşası əsasında səhnələşdirdikləri bayram əhvali-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşasında rəngarəng dekorasiyalar, işiq effektləri, şən musiqilər və teatrın balet truppasının rəqsləri uşaqların zövqünü oxşayacaq”.

Tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov və kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcəklər. 

Biletlərin qiyməti 8 AZN-dir, qiymətə hədiyyə də daxildir. 

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva bildirib ki, dekabrın 26-dan başlayaraq rejissor Elşad Rəhimzadənin quruluşunda R.Hovardın “Qrinç” tamaşası uşaqların görüşünə gələcək:

“Həmçinin tamaşadan öncə foyedə Şaxta Baba və Qar qızla, nağıl qəhrəmanları ilə görüş olacaq. Yeni il tamaşalarımız 26 dekabrdan 5 yanvara kimi saat 12:00, 14:00 və 16:00 seansı olmaqla davam edəcək”.

Biletlərin qiyməti hədiyyə də daxil olmaqla 8 AZN-dir. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı isə qeyd edib ki, teatrda “Şaxta Baba və Befan nənələr” adlı səhnə əsəri hazırlanıb:

“Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır. Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev və Əlvida Cəfərov (Şaxta Baba), aktrisa Fəridə Şahbazova (Qar Qız), Əməkdar artist Mehriban Xanlarova (Befan nənə-1), aktrisa Dilarə Nəzərova (Befan nənə-2), Əməkdar artist Sevinc Əliyeva (Befan nənə-3), aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev və Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), Əməkdar artist Əminə Cəfərova (Panda), aktyorlar Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edirlər”.

Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək 10:00, 12:00, 14:00, 16:00-da nümayiş olunacaq.

Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.

Həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildiriblər ki, dekabrın 25-i və 29-da teatrda P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşası olacaq:

“Ənənəvi olaraq hər dəfə Yeni il ərəfəsində teatr bu baleti repertuarına daxil edir. "Şelkunçik" həm kiçik, həm də yaşlı tamaşaçıların böyük maraqla qarşıladığı və həvəslə seyr etdiyi bir tamaşadır. Tamaşalarda balet truppasının aparıcı solistləri Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.

Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək. Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur”.

Biletin qiyməti 11-16 manatdır.

Arzu Murad

BakuCity.az

Bakı teatr Yeni il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər