Azərbaycan paytaxtı Yeni ilə hazırlaşır: Maraqlı sürprizlər, canlı musiqi

Azərbaycan paytaxtı Yeni ilə hazırlaşır: Maraqlı sürprizlər, canlı musiqi

Bulvarda da bayram ab-havası olacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə hazırlıq tədbirləri davam etdirilir.

Qurumun mətbuat katibi İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib ki, hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində yolka ağacları və dekorativ bəzək əşyaları qurulub, paytaxt ərazisində bayram əhvali-ruhiyyəsi yaradılıb:

“Əlavə olaraq rayon ərazilərində bayram əhvali-ruhiyyəsinin ən yüksək səviyyədə təşkili məqsədilə BŞİH tərəfindən rayon İcra hakimiyyətlərinə müvafiq tövsiyyələr verilib. Bildiyiniz kimi, bu il Azadlıq meydanında Formula 1 yarışlarının konstruksiyalarının mövcudluğuna görə yolka ağacının qurulması mümkün olmadı. Neftçilər prospekti boyunca və “Azneft” dairəsində isə dekorasiya işləri tamamlanmaq üzrədir”.

İ.Kərimov qeyd edib ki, əlavə yeniliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı isə saytımıza açıqlamasında Dənizkənarı Milli Parkda Yeni ilin bu dəfə daha təmtəraqlı qeyd olunacağını deyib:

“Bütün bulvar ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir. Artıq Neftçilər prospekti boyunca və bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Bulvar boyunca müxtəlif rəngarəng kompozisiyalar qurulur. Bayram günlərində bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılaşacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb. Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri köhnə bulvar ərazisində “Dinamo” deyilən yerdə (hündürlüyü təxminən 12 metr), digəri Ağ Şəhər bulvarındadır (təxminən 18 metr)”.

G.Yelmarqızı bildirib ki, bayram günlərində bulvarda olanlar Yeni ilin bütün atributlarına rast gələ biləcəklər:

“Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək. Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklərin zövqünü oxşayacaq”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Yeni il bulvar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər