Bakıda ilk özəl narkoloji klinika fəaliyyət göstərəcək

Bakıda ilk özəl narkoloji klinika fəaliyyət göstərəcək

İlkin mərhələdə Emin Ağalarov mərkəzə köməklik edir

Beynəlxalq Narkotiklərlə Mübarizə Federasiyasının (BNMF) nümayəndələri Azərbaycan paytaxtına gəliblər. 

BakuCity.az-ın məlumatına görə, 19-21 dekabr 2019-cu il tarixlərində Bakıda alkoqol və narkotik asılılığının qarşısının alınması ilə məşğul olan beynəlxalq təşkilatların təcrübə mübadiləsi ilə bağlı iclas keçirilir. Mütəxəssislər uşaqlar və yeniyetmələr də daxil olmaqla geniş yaş qruplarına yönəldilmiş profilaktik üsulları təqdim edirlər. Tədbirin təşəbbüskarı Beynəlxalq Antinarkotik Federasiyasıdır.

Jurnalistlərə verdiyi müsahibədə Nikita Luşnikov (“Narkotiklərlə Mübarizə Milli Birliyi”nin idarə heyətinin sədri) bu kompleksin Emin Ağalarov tərəfindən bir reabilitasiya mərkəzi yaratmaq məqsədilə alındığını qeyd etdi:

“Bu, Azərbaycanda kömək istəyən bir insanın tibbi yardım alacağı və gələcəkdə proqramlar vasitəsilə reabilitasiyadan keçə biləcəyi ilk layihədir. Müalicə müddəti fərdi bir prosesdir, ancaq orta hesabla üç aydan altı aya qədər davam edir. Bildiyimə görə, Azərbaycanda əvəzedici terapiya fəaliyyət göstərir, onun köməyi ilə insan asılılığını dərmanlarla əvəz edir. Ancaq biz iki dünyanın aparıcı proqramını birləşdirəcək eksperimental layihəni - əvəzedici terapiya və "drug-free" proqramını həyata keçirmək qərarına gəldik. Bu, dünya birliyində hər iki müalicə metodunun birləşdiyi ilk platformadır. Azərbaycanda bu layihə Emin Ağalarovun təşəbbüsü ilə yaradılıb. Məni Leyla xanım Əliyeva ilə tanış etdi və Leyla xanım qərara gəldi ki, Bakıda da oxşar layihə yaradılsın”.

Bakıda ilk özəl narkoloji klinika fəaliyyət göstərəcək, fotoşəkil-1

O vurğulayıb ki, ilkin mərhələdə Emin Ağalarov mərkəzə köməklik edir, lakin bu, səmərəli və özünü təmin edən duruma gəlməlidir:

“Tələbat olarsa, layihəni genişləndirəcəyik. Orta gəlirli insanlar üçün müəyyən ödənişli yerlər olacaq, eyni zamanda, pulsuz müalicələr olacaq. İndi mən bunun üzərində çalışıram ki, hər zaman pulsuz sosial yerlərimiz olsun. Təbii ki, yüksək ödənişli yerlər də planlaşdırılır, bu da klinikanın özünü təmin etməsi üçün lazımdır”. 

Klinikanın Bakıda açılması may ayına planlaşdırılır ki, bu da illik işlərin nəticəsi olacaq. Reabilitasiya üçün müraciətlər artıq qəbul olunur. Hazırda, Luşnikov Ağalarovla birlikdə "Həyat Naminə" Fondunu qeydiyyata alır.

Qeyd edək ki, Beynəlxalq Antinarkotik Federasiyası beynəlxalq səviyyəli mütəxəssislərin təşəbbüsü ilə 2019-cu ilin oktyabr ayında Rusiya Federasiyası, Moldova, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Bolqarıstan, Polşa, Macarıstan, Slovakiya, Çexiya, Albaniya, Serbiya, Sloveniya, Monteneqro, İtaliya, Türkiyə, İsrail, Ruanda, Tayland və Konqodan olan həkimlər, psixoloqlar, pedaqoqlar, sosial işçilər və hüquqşünaslar tərəfindən yaradılıb.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı narkotik klinika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər