Bakı-Sumqayıt yolu genişləndirilir, ağacları saxlamaq isə mümkün deyil

Bakı-Sumqayıt yolu genişləndirilir, ağacları saxlamaq isə mümkün deyil

"Vaxt itkisi yaranır, insanların əsəbləri pozulur"

Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib.

BakuCity.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mümkün olan yerdə ağaclar saxlanılır:

"Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən və məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”.

M.Qənbərov bildirib ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur:

“Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir. Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar?"

BakuCity.az

Bakı Sumqayıt yol ağac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər