Hazırda yeni drenaj xətləri atılır
Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı 2 hərəkət zolağının nəqliyyat vasitələrinin istifadəsinə verilməsini planlaşdırırıq.
BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Metbuat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Bibiheybət yolunda AAYDA tərəfindən yamacın bərkidilməsi, bərpa işlərinin aparılması, mövcud yolun yenidən qurulub istismara verilməsi istiqamətində işlər davam etdirilir:
“Buna paralel olaraq yamacda bərkitmə işləri, istinad divarlarının tikintisi üçün yamacın aşağı hissəsində 2 cərgə olmaqla svayların vurulması istiqamətində işlər davam edir. Bundan sonra svayların üzərində 6 metr hündürlükdə istinad divarları inşa olunacaq. Yamacın orta hissəsində də 2 cərgə svayın vurulması nəzərdə tutulur ki, gələcəkdə bu kimi sürüşmə halları qeydə alınmasın. Onun da üzərində 4 m hündürlükdə istinad divarının inşası nəzərdə tutulub”.
Həmçinin oxu: Bibiheybət sürüşmə zonasında vəziyyət necədir? - VİDEO
A.Nəcəfli əlavə edib ki, bundan başqa, səth, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur:
“Hazırda yeni drenaj xətləri atılır. İstinad divarlarının üzərində də eninə borular atılacaq ki, drenaj xəttinin kənarlaşdıra bilmədiyi qrunt suları ərazidən uzaqlaşdırılsın və yamacda ağırlaşma baş verməsin. 2020-ci ilin I rübündə bu işlərin tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Amma həmin yolla avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası Yeni il ərəfəsində həyata keçiriləcək”.
BakuCity.az