Bakı metrosunda bayramla əlaqədar YENİLİKLƏR

Bakı metrosunda bayramla əlaqədar YENİLİKLƏR

Canlı musiqi də olacaq

“Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.

QSC-dən BakuCity.az-a verilən məlumata görə, sərnişin axınının sıx olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.

Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.

Bundan başqa, Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək.

Həmçinin oxu: Bakı metrosu bayram gecəsi iş rejimini dəyişəcək

“İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.

Yeni il şənliyi iki gün – dekabrın 29 və 30-da keçiriləcək.

Bu iki gün ərzində “İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert prqramına da yenilik gətiriləcək. Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.

BakuCity.az

Bakı metro bayram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər