Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT

Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT

Turniketlər hissəsində 5 cərgəli yol olacaq

Bakıdan Rusiya sərhədinə qədər olan ödənişli yolla bağlı təfərrüatlar açıqlanıb.

BakuCity.az xəbər verir ki, dekabrın 26-da Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib:

“192 kilometrlik yeni Bakı-Quba-Rusiya sərhədi yolunu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq”.

O əlavə edib ki, turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün:

Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT, fotoşəkil-1

“Cənab Prezident, gördüyünüz bina bu yola xidmət üçün tikilir. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaqdır - 8 gediş, 8 isə qayıdış hissəsində. Əvvəlki yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometr idi, indi isə 16 kilometr qısalıb və 192 kilometr olub. Bu da onunla əlaqədardır ki, yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir. İndiki yola birinci birləşmə Giləzidə olacaq, yolun 30-cu kilometr hissəsində. Bu, ümumi götürəndə 75-ci kilometr adlanır. Amma layihə qiyməti ilə 30-cu kilometrdir. Bu, ikinci lotdur, hansı ki, Giləzidən başlayır Şabrana qədər. O da 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-keçid məntəqəsinə, 192-ci kilometr – yeni açılmış körpünün girəcəyinə qədər”.

S.Məmmədov qeyd edib ki, avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq:

“Bu ərazilər boş, çöl torpaqlar idi. Sizin göstərişinizə əsasən və köməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından da ayrılıb. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. Artıq 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur.

Burada ayırıcı bir xətt olacaq. Həmin keçidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpüdən gələn su kanallarından suvarma torpaqlarına keçidlər var. Hamısı böyük keçidlərdir, insanlar və heyvanlar üçün keçidlər də nəzərə alınıb”.

Agentlik rəhbəri vurğulayıb ki, yolboyu rayon mərkəzlərinə ayrılan keçidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub:

“Bu istiqamətdə turniketlərdən biri Giləzidə olacaq, Şabrana dönən yerdə. Ümumiyyətlə, ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq. Yolboyu bütün ödəniş məntəqələrinə elektrik kabelləri çəkilib”.

Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT, fotoşəkil-2 Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT, fotoşəkil-3

BakuCity.az

Bakı yol Quba turniket
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər