Gələn il metro daha yaxşı havalandırılacaq

Gələn il metro daha yaxşı havalandırılacaq

Yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur

"Bakı Metropoliteni" QSC 2020-ci ildə metro stansiyalarında havalandırma sisteminin yaxşılaşdırılması üçün 16 yeni ventilyator alacaq.

BakuCity.az məlumat verir ki, bu barədə QSC-nin ilin yekunları ilə bağlı hesabatında deyilir.

Qeyd olunur ki, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq:

"Bu il 7 ən müasir ventilyator alınaraq quraşdırılıb. Rusiyanın “Ventprom” maşınqayırma zavodunun istehsalı olan ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Güclü ventilyatorlar stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edir. Əvvəlki avadanlıqlar ən yaxşı halda 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur".

Bildirilir ki, yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

"Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına görə, ventilyatorların idarəetmə sistemləri “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir.

BakuCity.az

Bakı metro ventilyator
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər