Qaydalar təsdiq olunmalıdır
Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılmasına başlanılacaq.
BakuCity.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov bildirib.
Bununla belə, onun sözlərinə görə, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: “İlk növbədə qaydalar təsdiq edilməlidir”.
Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır:
"Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.
BakuCity.az