Bakının nəqliyyatı üzrə yeni proqram təminatı və e-xəritə hazırlanıb - VİDEO

Bakının nəqliyyatı üzrə yeni proqram təminatı və e-xəritə hazırlanıb - VİDEO

Tarixi yerlər, muzeylər barədə məlumatlar da əksini tapıb

Nəqliyyatı intelektual idarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları, digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub. Yaradılan CİS bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yolayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi və avtobus duracaqları, avtobus zolaqları və sair haqqında məlumatlar yerləşdirilib. CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir. Bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sistemi işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq.

CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarmadasında mövcud olan tarixi yerlər, muzeylər, bir sözlə, turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunduğuna görə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır.

Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunması məqsədilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.

BakuCity.az

Bakı nəqliyyat xəritə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər