Bakıda saxta içkidən daha bir zəhərlənmə: 8-ci qurban xəstəxanaya yerləşdirildi

Bakıda saxta içkidən daha bir zəhərlənmə: 8-ci qurban xəstəxanaya yerləşdirildi

Metanolun səkkizinci qurbanı Toksikologiya Mərkəzinə yerləşdirilib

Dekabrın 28-i saat 17:50-də 23 yaşlı Bakı şəhər sakini Həsənov Xudaverdi Həsən oğlu Bakı şəhəri Səbail rayonu, Natəvan küçəsində yerləşən “Hashtag” adlı bardan tibb müəssisəsinə aparılıb.

BakuCity.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, ona “metil spirtindən kəskin oral zəhərlənmə” diaqnozu qoyulub.

Qeyd edək ki, metanoldan ilk zəhərlənmə faktı dekabrın 21-də Bakıda qeydə alınıb. Həmin gün Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin Cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov “Baku Voice Rooms” restoranında dostu Cəlal Həmzəyevlə dincəlib. Burada onlar bir az spirtli içki içib, sonra Tbilisi prospektində yerləşən “Baku City” restoranına gediblər. Orada vəziyyətləri pisləşəndən sonra xəstəxanaya yerləşdiriliblər. Polis dekabrın 23-də vəfat edib, dostu isə görmə qabiliyyətini itirib və hazırda Toksikologiya Mərkəzindədir.

Məlum olub ki, onlar texniki spirtdən hazırlanmış saxta viskidən zəhərləniblər.

Həmçinin oxu: Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - VİDEO

Bundan başqa, Tovuz sakini Mustafa Mustafayev dekabrın 24-ü Səbail rayonunda yerləşən restoranda metanol tərkibli içki qəbul edəndən sonra ölüb.

“Spirtli içki zəhərlənməsi” diaqnozu ilə daha dörd nəfər - Sənan Teymurov, Elvin Teymurov, Nurlan Nəbiyev və 23 yaşlı Sumqayıt sakini İsmayılov Elmin İsgəndər oğlu xəstəxanaya yerləşdirilib. Sonuncu Babək prospektində yerləşən “Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.

Dekabrın 26-da Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə kütləvi zəhərlənmə faktları ilə cinayət işinin açılması barədə birgə məlumat yayıblar. İstintaqı Bakı şəhər prokurorluğu aparır.

Araşdırma zamanı “Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərovun “Chivas Regal 12” markalı viskini “Everest” restoranında ucuz qiymətə satdıqları məlum olub. Sərxan Bayramov və Mustafa Mustafayev bu içkini içdikdən sonra ölüblər.

Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış “Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri, Xəyal Cəfərov isə 200.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq istehlakçıların həyatı və sağlamlığı üçün təhlükəli olan surroqat spirtli içki istehsalı və marketinqi üçün məsul olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün işləyir.

Dekabrın 27-də Bakıda Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir neçə gizli surroqat spirtli içki istehsalı emalatxanası aşkar ediblər. Dələduz-istehsalçıların həyat üçün təhlükəli spirtli içkini, əsasən, restoranlara, barlara və klublara verdikləri müəyyən edilib.

Metanoldan zəhərlənənlərin siyahısına əsasən aydın olur ki, cinayətkarlar paytaxtın mərkəzi rayonlarındakı bir çox iaşə müəssisəsinə və əyləncə məkanlarına məhsul göndəriblər. Surroqat məhsullar hələ də satışdan tamamilə yığışdırılmayıb.

BakuCity.az

Bakı zəhərlənmə içki
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər