İtalyan mətbuatı: Bakı Avrasiyada ən heyrətamiz turizm istiqamətidir

İtalyan mətbuatı: Bakı Avrasiyada ən heyrətamiz turizm istiqamətidir

Bakı gözləri qamaşdıran turizm istiqaməti olaraq diqqəti cəlb edir

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinin populyar “Io Donna” jurnalında italyan jurnalist Gianna Testanın müəllifi olduğu “Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət” sərlövhəli, ölkəmizin paytaxtı Bakının turizm gözəlliklərindən bəhs edən məqalə dərc olunub. 

BakuCity.az-ın məlumatına görə, məqalədə bildirilir ki, müasir göydələnlər, qədim müdafiə qalaları, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü  ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda (Bulvar) müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, konfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur.  Müəllifin fikrincə, Alov Qüllələri, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm və iddialı memarlıq layihələri ilə görünüşünə yeni bir imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən Avropa, türk, rus, ərəb mədəniyyətlərinin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqətləri cəlb etməkdə davam edir.

Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunaraq bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır, bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir.  Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanaraq, bu xüsusda Milli Azərbaycan Tarix Muzeyinin, orada turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin  adları çəkilir.

Məqalədə, həmçinin YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olmuş İçəri Şəhərdən, orada yerləşən memarlıq inciləri - Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq nümunələrindən bəhs edilərək turistlərə maraqlı ola biləcək restoranlar və Azərbaycan milli mətbəxinin əsasını təşkil edən yeməklər (dolma, plov və s.) barədə məlumatlar verilir.

Müəllif yazıda Azərbaycanın neft sənayesinin inkişaf tarixinə toxunaraq, 1848-ci ildə dünyada ilk dəfə olaraq Bakıda neftin sənaye üsulu ilə hasilatına başlanıldığını, 1872-ci ildən etibarən yataqların istismara verilməsi ilə artıq XX əsrin əvvəllərində dünya neftinin 50%-nin hasil oldunduğunu vurğulayır.

Sonda məqalədə paytaxt Bakının UEFA Avropa 2020 Çempionatına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu qeyd olunur.

BakuCity.az

Bakı İtaliya mətbuat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər