Sakinlər də narazıdır
Yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışı ölkədə qadağan olunduğu halda Sumqayıtda belə mallar satışa çıxarılıb.
BakuCity.az "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, müxtəlif ölçüdə pirotexniki partlayıcı maddələri şəhərin mərkəzi bazarı, küçə və prospektləri, əsasən əhalinin sıx olduğu yaşayış massivlərində qoyulmuş piştaxtalarda rast gəlmək mümkündür.
Çəkiliş aparılarkən özünü satıcı kimi göstərən şəxslər isə jurnalistlərə maneə olmağa çalışıblar.
Sakinlər də bu cür maddələrin satışından narazıdırlar.
Maraqlıdır, hüquq-mühafizə orqanları partlayıcı maddələrin bu cür qanunsuz satışını görmür?! Üstəlik bu cür səyyar satışın özü də qanunla qadağandır.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ ilə birbaşa polis orqanları məşğul olur.
Polis isə həmin şəxslərin qanunsuz fəaliyyət göstərdiyini bildirməklə kifayətləndi.
Qeyd edək ki, yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu və maddələrin ölkə ərazisinə gətirilməsi, satışı qanunla qadağan edilib. Belə ki, bu cür malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr nəzərdə tutulub. Lakin pirotexniki vasitələrin bütün ölkə üzrə dövriyyəsi tam məhdudlaşdırılmayıb.