Avtomobillərinizi təmiz saxlayın
Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur.
BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.
BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev bildirib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir:
“Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir”.
Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:
“Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir.
Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”.
BakuCity.az