"Hansısa hərisliyə görə Bakının keçmişinin məhv edilməsinə imkan verə bilmərik"
Bundan sonra harada gəldi bina, ev tikmək praktikasına son qoyulub.
BakuCity.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri Anar Quliyevi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur”.