Bakı yol polisinin işdən çıxarılan rəisi şəhərdə şəxsi radarlar quraşdırıbmış - İDDİA

Bakı yol polisinin işdən çıxarılan rəisi şəhərdə şəxsi radarlar quraşdırıbmış - İDDİA

"Nazir onu buna görə işdən çıxarıb"

ATV-nin keçmiş əməkdaşı İlkin Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin keçmiş rəisi Nuşirəvan Səfərovun işdən çıxarılmasından yazıb.

BakuCity.az xəbər verir ki, İlkin Əhmədov 2011-ci ildə N.Səfərovun ATV rəhbərliyinə zəngindən sonra işdən çıxarıldığını xatırladıb:

“Dünən işdən çıxarılan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat tasa qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə... Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz!”

O, daha sonra N.Səfərovun işdən çıxarılmasının səbəblərinə toxunaraq bildirib:

“Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər”.

Qeyd edək ki, İ.Əhmədov hazırda “Access Bank” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

BakuCity.az

Bakı yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər