"Bu qaydalar artıq keçən ilin sonundan tətbiq edilir"
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) Bakıda "28 Mall” ticarət mərkəzində ayaqyolundan istifadə üçün xüsusi kod lazım olduğu barədə video paylaşıb.
O bildirib ki, əgər kodun varsa, orada olan ayaqyolundan istifadə edə bilərsən:
"Dünyanın heç bir yerində belə şey yoxdur. "28 Mall”da əgər kodun yoxdursa, ayaqyolundan istifadə edə bilməzsən".
BakuCity.az-ın məlumatına görə, Azxeber.com mövzu ilə bağlı "28 Mall” ticarət mərkəzinin marketinq meneceri Nuranə İskəndərova ilə əlaqə saxlayıb.
O açıqlamasında bildirib ki, bu irad ticarət mərkəzinin tualetlərinə aid deyil:
"Bu absurddur və biz belə bir addım atmarıq. Bu məsələnin "28 Mall” ticarət mərkəzində yerləşən ayaqyollarına heç bir aidiyyatı yoxdur. Biz ticarət obyekti olaraq yalnız ticarətlə məşğuluq. Bizim mənfi birinci mərtəbədən 3-cü mərtəbəyə qədər olan bütün ayaqyolları hamının üzünə açıqdır. Yalnız 4-cü mərtəbədə yerləşən ayaqyolundan başqa. Bunun da səbəbi bizim oranı icarəyə verməyimizdir. Orada "Cinema Plus” yerləşir və bu qaydalar onların daxili qaydalarıdır. Bu qaydalar artıq keçən ilin sonundan tətbiq edilir”.