Bakının hava limanı yeni rekorda imza atdı

Bakının hava limanı yeni rekorda imza atdı

37 aviaşirkət 60-dan çox istiqamətə uçuşlar həyata keçirib

Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.

Bu barədə BakuCity.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın hava limanı yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.

2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıblar. 

Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlərlə yanaşı, “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olub.

2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

BakuCity.az

Bakı hava limanı rekord
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər