Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanıldığı bildirilir - VİDEO

Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanıldığı bildirilir - VİDEO

Polis əməkdaşının da saxlanıldığı bildirilir

İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin detallarını müəyyən edib. Faktla bağlı saxlanılan 47 yaşlı İlkin SüleymanovQuliyevlərin qonşusu  etiraf xarakterli ifadə verib.

BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, N.Quliyeva əmisinin həyətindən çıxandan sonra küçədə İ.Süleymanovla qarşılaşıb.O, qızı aldadaraq evinə aparıb. Qatil qıza öz qızı kimi qulluq edəcəyini söyləyərək onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub. Qatil uşağı qaçmağa və ya kömək çağırmağa çalışacağı halda cəzalandırmaqla hədələyib.

Saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.

Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər. Ən azından o, özü tez-tez dama çıxmasını bununla izah edib. Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələlik müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.

Həmçinin oxu: Nərminin qatili ilə bağlı FAKTLAR - FOTO

Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.

Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb.Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. Qatilin nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur.

O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra qatil Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.

TV Press isə yazır ki, İ.Süleymanovun əmisi oğlu polis işçisidir və Nərminin axtarışı ilə bağlı yaradılan qrupa o da daxil edilib. İtən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.

Qətlin üstünün açılmasına isə elə sözügedən polis səbəb olub. Belə ki, İ.Süleymanov yanğını ilk gördüyünü əmisi oğlu olan polisə danışıb. Deyib ki, “şübhəli iy” hiss etdiyi üçün yaxınlaşıb və Nərminin cəsədinin yandığını müşahidə edib. Meyitin yandırılmasını ilk görən şəxs kimi İ.Süleymanov istintaqa cəlb edilib və bəlli olub ki, onun evində bu vaxta qədər axtarış aparılmayıb. Sanksiya verilib və ev axtarılarkən çardaqda qan izləri, həmçinin digər çoxsaylı maddi sübutlar aşkarlanıb.

Bundan sonra İ.Süleymanov qətli etiraf etmək məcburiyyətində qalıb və detalları danışıb. Bildirdiyinə görə, N.Quliyevanı əmisinin evindən çıxarkən görüb, aldadaraq aparıb və meyvə qurusu adı ilə çardağa çıxarıb, sonra “xlorofil”lə yatırıb və əl-qolunu, ağzını yapışqanla bağlayıb. Ancaq qızcığazın təcavüzə məruz qalmadığı da bildirilir.

Nəhayət, o, ələ keçəcəyindən qorxaraq 10 yaşlı qızcığazın başına küt alətlə (daşla) vura-vura qətlə yetirib. Sonra isə meyiti yandırmaqla izi itirmək qərarına gəlib.

İ.Süleymanovun istintaqda “professor kimi” davrandığı, izi itirmək üçün soyuqqanlı şəkildə ifadə verdiyi də iddialar arasındadır. Ancaq bu “soyuqqanlı”, mədəni və savadlı imicli şəxs peşəkar istintaqçıları aldatmağa nail olmayıb.

Hazırda İ.Süleymanovun əmisi oğlu olan polisin də şübhəli qismində saxlanıldığı iddia edilir. Həmçinin axtarış qrupuna rəhbərlik edən polis zabiti istintaqa cəlb edilib. Onun səhlənkarlıq və məsuliyyətsizlikdə təqsirli bilindiyi iddialar arasındadır.

İstintaqı Bakıdan getmiş yüksək rütbəli peşəkarlar aparır.

Xatırladaq ki,N.Quliyeva 21 noyabr tarixində itkin düşüb. Bir neçə gün öncə isə onun yandırılmış meyiti tapılıb.

BakuCity.az

Tovuz qız qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər