Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi

Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi

"Gənc fransız qadın gözəlliyi ilə babamı dərhal ovsunlayıb"

BakuCity.az-ın "Öz hekayəni danış" layihəsinin növbəti qonağı Azərbaycan və Fransanın tanınmış rəssamı, Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızı Nigar Nərimanbəyovadır.

N.Nərimanbəyova saytımıza müsahibəsində tamamilə fərqli mədəniyyətlərdən və dinlərdən olan iki insanın – babası Yaqub-Fərman Nərimanbəyov və nənəsi İrma Lya Rudenin çətin həyatından bəhs edib:

Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi, fotoşəkil-1

“Babam Yaqub-Fərman Nərimanbəyov Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının qubernatoru Əmir bəy Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1918-ci ildə ulu babam 100-ə yaxın əlaçı tələbəni Avropaya oxumağa göndərəndə babamı da energetik-mühəndis üzrə təhsil almaq üçün Fransanın Tuluza şəhərinə göndərib.

İki gəncin taleyüklü görüşü də elə bu şəhərdə olub. O dövrdə modelyer təhsili alan nənəm,  fransız qadın İrma Lya Rude babamın yeni kostyum tikdirmək istədiyi şəhər atelyelərindən birində “part-time” işləyirmiş. Gənc fransız qadın gözəlliyi ilə babamı dərhal ovsunlayıb”.

Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi, fotoşəkil-2 Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi, fotoşəkil-3

Həmsöhbətimizin xatırladığı kimi, Yaqub-Fərman Nərimanbəyov tez bir vaxtda İrmanı valideynlərindən istəməyə gedib:

“Nənəmin valideynləri Fransanın cənubunda, Pau şəhərində yaşayıblar. Mən o yerlərdə olduğum müddətdə nənəmin qohumları babamın alicənablığı ilə hər kəsin qəlbini necə fəth etdiyindən danışırdılar. O, gəlinin valideynlərinə Nərimanbəyovlar ailəsinə məxsus, gözləri zümrüddən olan ilan şəklində çəlik hədiyyə edib. Beləliklə, babamla nənəm evləniblər”. 

N.Nərimanbəyovanın sözlərinə görə, Tuluzada təhsilini başa vurduqdan sonra gənc ailə Fransanın şimalına – Kann şəhərinə köçüb və burada magistratura təhsillərini davam etdiriblər. Atası Vidadi Nərimanbəyov isə burada 13 iyul 1926-cı ildə dünyaya gəlib:

“Babamgil Normandiyadan Parisə köçüblər və bir müddət rəssamların və digər yaradıcı insanlar yaşadığı yerdə - məşhur Monparnas rayonunda məskunlaşıblar. 1930-cu ildə Azərbaycana qayıtmaq qərarını veriblər. Babam vətənindən ayrı qala bilməyib. Nənəm ondan fikrini dəyişməsini və Parisdə qalmasını istəyib, çünki xarici ölkəyə köçməkdən qorxurmuş.

Onlar Bakıya İstanbul vasitəsilə gəliblər. Həmin vaxt isə ölkəmizdə sovet hakimiyyəti qurulub və o dövrün ziyalıları qəddar repressiya səbəbindən Bakıdan Avropaya mühacirət etmək məcburiyyətində qalıblar. Babamgil İstanbul limanında Fətəli xan Xoyski ilə görüşüb. O, babamı vətəninə qayıtmağa razı salmağa çalışıb. Əslində babam da qətiyyətli olub və belə bir anda doğmalarının yanına getmək istəyib”.

N.Nərimanbəyova deyir ki, nənəsi nə rus, nə də Azərbaycan dilində danışa bilirmiş, ancaq xoşbəxtlikdən o dövrdə bütün Azərbaycan ziyalıları fransız dilini bilirdi. Buna görə də İrma Lya Rude Bakıda özünü evindəki kimi hiss edib, qısa müddətdə yaxşı və mehriban dostlar qazanıb:

Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi, fotoşəkil-4 Bakı ziyalısının və fransız qadının sevgi tarixçəsi: Parisə qayıtmaqdansa sürgünə getdi, fotoşəkil-5

“O, Hacı Zeynalabdin Tağıyevin qızı, Sara Balabəy qızı Aşurbəyli və digərləri ilə dostluq edib, onlar üçün eksklüziv kostyum və şlyapalar tikib. Nənəm Azərbaycanda ilk modelyer olub. O, Moskvada Azərbaycan Mədəniyyəti Günlərinin ilk dekadası üçün inanılmaz obrazlar yaradıb. Nənəm "IL" inisialını naxış kimi vuraraq hazırladığı hər bir geyimə öz imzasını atırdı. Babam isə o vaxtlar yeganə energetik olduğuna görə elektrik stansiyası tikmək üçün Mingəçevirə yollanmışdı”.

Lakin 1937-ci ildə, Stalinin vaxtında ağır repressiya dövrü başlayıb:

“Babamı Yeni il gecəsində aparmağa gəliblər. Evdə çox qonaq olduğuna görə nənəm xahiş edib ki, onlara vidalaşmağa imkan versinlər. Sonradan məlum oldu ki, onun həbsi zadəgan mənşəliliyi və əcnəbi qadınla evli olması ilə əlaqədardır. Beləliklə, babam Sibirə - Kolımaya sürgün edilSi.

İki-üç il sonra isə etibarsız vətəndaş hesab olunan bütün əcnəbilərin Sibirə göndərilməsi qərara alınıb və nənəm İrmanı aparmağa gəliblər. Bu vaxt babamla nənəmin başqa bir oğlu da var idi - Toğrul Nərimanbəyov. Nənəmə uşaqlardan imtina etməyi təklif ediblər. Çünki o, yalnız bu halda Parisə qayıda bilərdi, yoxsa sürgün ediləcəkdi. O, övladlarına yenidən qovuşacağına ümid edərək ikinci yolu seçib.

Atam anası ilə stansiyadakı ağır vidalaşma anını tez-tez xatırlayardı. Yük qatarı nənəmi uzaqlara apardıqca o, qışqıraraq anasının arxasınca qaçırmış: “Mən sənin arzuladığın kimi böyük rəssam olacağam!”

Anaları da sürgünə göndərildikdən sonra uşaqlar Bakıda tək qalıblar. Yalnız polşalı qoca dayə Anna Andreyevna illərlə onlara qayğı göstərib, az pensiyası ilə onları saxlayıb. Gənc Vidadi isə sözünü tutaraq kiçik qardaşı ilə birlikdə Qaqarin adına Pionerlər Sarayında rəsm dərslərinə qatılıb, sonra analarının xəyal etdiyi kimi, Azərbaycanın böyük sənətkarları olublar.

N.Nərimanbəyova davam edir: “Babamla nənəm Xruşşov hakimiyyətə gələnə qədər, 1961-ci ilədək sürgündə qalıblar. Yalnız bundan sonra repressiya qurbanları bəraət qazandı. Babam Sibirdən, nənəm isə Orta Asiyadan qayıtdı. Sürgündə olan İrma nənəm ən sevimli işini davam etdirib: koloniyanın başçısına və onun ailəsinə paltar tikib, öz ailəsi ilə yenidən birləşəcəyinə inamını itirməyib. Nənəm tez-tez məhz sevimli peşəsi sayəsində sağ-salamat qaldığını deyirdi. Babam isə Su Elektrik Stansiyasında işini davam etdirmək üçün Mingəçevirə qayıdıb.

Nənəm hər gün bizə gəlirdi, repressiyalardan əziyyət çəkən vətəndaş kimi evimizin yaxınlığında mənzil də almışdı. Nənəmin bizim üçün “Marselyoza” mahnısını necə səsləndirdiyini, sürgün illərindən bəhs etdiyini heç vaxt unutmayacağam. O, sürgündə həmişə özünü qürurlu aparmağa, haqsız yerə sürgün olunan digər əcnəbi qadınlara dəstək olmağa çalışmışdı. Kimsə ağlayanda, kədərlənəndə nənəm tez masanın üstünə çıxıb yüksək səslə Fransa himnini oxuyurmuş. Babamın Mingəçevirdən necə gəldiyini, fransız dilində necə danışdıqlarını xatırlayıram. Çox gözəl anlar idi...”

Əlbətdə ki, İrma Lya Rudenin fransız qohumları bütün bu illər ərzində onu axtarıblar və 1961-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə onu tapa biliblər.

“Nənəm yalnız 70-ci illərdə Fransaya gedə bildi və nəhayət, qohumlarını gördü. Amma sonradan yenə sevimli Bakımıza qayıtdı. Həmişə də Bakısız yaşaya bilməyəcəyini deyirdi. Burada o, ömrünün sonuna qədər yaşadı. Fəxri xiyabanda, atamın yanında dəfn edilib.

Babam Mingəçevirdə dünyasını dəyişdi, elə orada da dəfn olundu. Onu bu şəhərə çox şey bağlayırdı, buna görə də qərara gəldim ki, elə orada da dəfn edək”, - N.Nərimanbəyova bildirib.

Züleyxa İsmayılova

BakuCity.az

Nigar Nərimanbəyova repressiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər