Vaqif Əsədov işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Vaqif Əsədov işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirdi

"Əvəzedilməz insan yoxdur"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, V.Əsədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:

“Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı, doğrudan da, kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun.

Həmçinin oxu: Vilayət Eyvazov Bakı yol polisinin şəxsi heyətini sərəncama götürdü

Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm.

Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?”

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.

BakuCity.az

Bakı yol polisi Vaqif Əsədov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər