İqtisad Universitetindəki insidentə tam aydınlıq gətirildi - VİDEO

İqtisad Universitetindəki insidentə tam aydınlıq gətirildi - VİDEO

İmtahan yenidən keçiriləcək

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində magistratura pilləsində təhsil alan I kurs tələbələrinin bir hissəsi biznes statistikası fənnindən imtahana düşən suallara görə imtahan zalını tərk edib.

BakuCity.az xəbər verir ki, etiraza səbəb imtahana düşən sualların tələbələrə verilən mövzularla əlaqəli olmamasıdır. Tələbələr qeyd ediblər ki, MBA ixtisaslarında heç bir qrupa suallar verilmir. Lakin  tələbələrə verilən mövzularda və nümunə suallarda imtahanda yer alan suallar olmayıb.

Tələbələrin imtahan zalını tərk etdiyini görən müəllimlər onları sakitləşdirmək üçün zala daxil olaraq sualları izah etməyə çalışıblar. 

Tələbələrdən biri deyib ki, ümumiyyətlə, ADİU-nin Biznes Məktəbində (MBA proqramı üzrə) heç bir qrupa imtahana hazırlaşmaq üçün suallar verilmir:

"Bizə deyilir ki, dərsdə diqqətli olun və mövzuları yaxşı öyrənin, imtahanlar keçilən mövzulardan düşəcək. Dünənki imtahan isə ikinci imtahanımız idi. Əsas narazılıq həm də ondan ibarət idi ki, suallar Azərbaycan dilinə tərcümə edilməmişdi. Tələbələrə verilən sualların bəzisi rus, bəzisi Azərbaycan, bəziləri yarı rus, yarı Azərbaycan və ya yarı ingilis, yarı azərbaycanca idi. Həmin sualların şərtini anlamaq mümkün deyildi. Bir sözlə, öz suallarını tərtib etməmişdilər. 50 nəfər – hamımız etiraz etdik və ağ vərəq verib dəhlizə çıxanda gördük ki, 10-12 qrup da bizim kimi etiraz edib”.

Universitetin Marketinq və Kommunikasiya Departamentinin direktoru Xaliq Əliyev isə saytımıza açıqlamasında məsələnin tələbələrin xeyrinə həll olunduğu bildirilir:

“ADİU tələbə mərkəzli universitetdir və burada bütün proseslər tələbənin xeyrinə həll olunur. Sistem belə qurulub. Ayın 14-də baş vermiş insidentlə bağlı məsələ artıq öz həllini tapıb.  Belə ki, fənni tədris edən müəllimlərin hazırladığı suallar əsasında imtahan bu ay 27-31 aralığında yenidən təşkil olunacaq”.

X.Əliyevin dediyinə görə, ayın 14-də baş tutmayan imtahanın bu gün təkrar keçiriləcəyi nəzərdə tutulmuşdu, amma imtahanın vaxtı bu ayın sonuna kimi uzadılıb ki, tələbələr hazırlaşa bilsinlər.

Ramilə Qardaşxanqızı

BakuCity.az

İqtisad Universiteti imtahan insident
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər