Kirayə mənzil almaq üçün müraciət prosesi niyə gecikir?

Kirayə mənzil almaq üçün müraciət prosesi niyə gecikir?

İndiki proqram problemin çox cüzi bir hissəsini həll edə bilər

“Bundan əvvəl ictimailəşdirilən məlumatlarda deyilirdi ki, 2019-cu ilin ikinci yarısından sonra kirayə mənzillər üçün müraciətlərə start veriləcək. İndiki halda məndə olan məlumata görə, müraciətlərin başlanılması üçün texniki məsələlər tamamlanmayıb”.

BakuCity.az xəbər verir ki, bunu İqtisadçı-ekspert Rəşad Həsənov “İpoteka və Kredit Zəmanət Fondunun Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”ndan danışarkən Oxu.az-a deyib.

O qeyd edib: “Böyük ehtimalla, hesab edirlər ki, ilkin müraciətlərdə tələb çox yüksək olacaq. Hesab olunur ki, hazırlanan platforma Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlərlə bağlı taleyini yaşaya bilər. Buna görə də İpoteka və Kredit Zəmanət Fondu daha təkmil proqram hazırlamağa çalışır. Yəqin ki, yaxın həftələrdə bu proqrama start veriləcək”.

Həmçinin oxu: Kirayə mənzillərin satış şərtləri çətindir, dəyişikliklərə ehtiyac var - TƏKLİFLƏR

Ekspert vurğulayıb ki, indiki mexanizmlə mənzil fondunu İpoteka və Kredit Zəmanət Fondu formalaşdırır. Daha sonra müəyyən edilmiş şərtlər daxilində müvafiq mənzillər vətəndaşlara təklif edilir. Bu isə müəyyən çətinliklərə gətirib çıxara bilər. Həmçinin Fondun əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində öhdəliyinin effektivliyini aşağı sala bilər:

“Seçim imkanının olmaması ailələrin uzunmüddətli dövrdə mənzil problemlərinin həllində çətinlik yaradır. Buna görə də belə məqamların nəzərə alınmasına ehtiyac var. Təbii ki, müvafiq şərtlər daxilində insanlar özləri mənzillərin yerini müəyyənləşdirməlidir. Bu, daha yaxşı variantlardan biri hesab olunur. Digər təklifim isə bundan ibarətdir ki, mənzili olanlar və ya son bir il ərzində adına olan mənzili özgəninkiləşdirmiş şəxslər üçün mexanizmdən yararlanma hüququ məhdudlaşdırılsın. İndiki halda isə belə bir məhdudiyyət yoxdur. Görünən odur ki, evsizlər deyil, mənzil sahibləri evlərinin sayını artırmaq üçün bu proqramdan istifadə edə bilərlər. Bu da bəllidir ki, Azərbaycanda ipoteka kreditlərindən bir çox hallarda biznes maraqları üçün istifadə olunub. İnsanlar düşünməlidir ki, dövlət vəsaiti hesabına maliyyələşdirilən bu layihələrdən mənzilsiz şəxslər yararlanmalıdır”.

R.Həsənov bildirib ki, Azərbaycanda hər il il ərzində 35-40 min yeni ailə qurulur. Bunların isə 70-80 faizinin mənzilə ehtiyacı var:

“Müxtəlif hesablamalara görə, əhalinin 30 faizinin şəxsi mənzilləri yoxdur ki, onlar da potensial alıcıdırlar. Strateji yol xəritələrində də göstərilir ki, il ərzində mənzil bazarında tələb 30 min civarındadır. Bunlar nəzərə alınsa, indiki proqram problemin çox cüzi bir hissəsinin aradan qaldırılmasına çata bilər. Güman edilir ki, il ərzində 300-500 mənzil kirayə mənzil layihəsi çərçivəsində vətəndaşlara təqdim edilsin. Bundan artıq gözlənilmir”.

BakuCity.az

kirayə mənzillər satış müraciət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər