Xəzərdə suyun səviyyəsi yenə də azalacaq

Xəzərdə suyun səviyyəsi yenə də azalacaq

Uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb

Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

R.Səttar-zadə qeyd edib ki, bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kub km təşkil edib ki, bu da orta çoxillik normadan (146 kub km) əhəmiyyətli dərəcədə azdır:

“Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Ən son ssenariyə əsasən, Xəzərin səviyyəsi 2020-ci ilin ilk rübündə əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq".

O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər.

BakuCity.az

Xəzər dənizi suyun səviyyəsi azalma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər