13 yerdə ödəmə məntəqəsi təşkil olunub
Fevral ayının ilk günlərindən etibarən sərnişin avtobuslarının kart sisteminə inteqrasiyası daha da sürətləndiriləcək.
Bu barədə BakuCity.az AzTV-yə istinadən məlumat verir.
Avtobusların kart sisteminə keçidindən əvvəl həmin xətlərdə mütəxəssislər tərəfindən təhlillər aparılır, ehtiyac olan yerlərdə yeni dayanacaqlar və “BakıKart”ın balansını artırmaq üçün terminallar quraşdırılır.
24 yanvar tarixindən isə 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, kart sisteminə keçidin özəlliklərindən biri odur ki, avtobuslar yalnız müəyyən olunmuş dayanacaq məntəqələrində dayanaraq sərnişinləri mindirib-düşürdürlər:
“Bu səbəbdən sərnişinlərin rahatlığını təmin etmək üçün karta keçid prosesləri çərçivəsində artıq 50-yə yaxın yerdə yeni dayanacaq məntəqəsi müəyyənləşdirilib və müvafiq nişanlar qoyulub. Eyni zamanda, karta keçidlə əlaqədar insanların “BakıKart”ı rahat şəkildə əldə etməsi və balansını artırması məqsədilə təxminən 13 yerdə ödəmə məntəqəsi təşkil olunub".
Qeyd edək ki, paytaxt ərazisində vətəndaşlara xidmət göstərən bütün avtobusların ilin birinci yarısından nağdsız ödənişə keçirilməsi təmin olunacaq.