Bakıda uşaqlara qarşı zorakılıq edilən bağçanın müdiri ilə bağlı qərar elan olundu

Bakıda uşaqlara qarşı zorakılıq edilən bağçanın müdiri ilə bağlı qərar elan olundu

Tərbiyəçi uşaqlara qarşı zorakılıq edib

Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib, N.Müseyibovanın barəsində olan bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq törədib.

Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideynlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə uşaq bağçasının müdirinə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə protesti təmin etməyib. Daha sonra prokuror kassasiya şikayəti verib.

BakuCity.az

məhkəmə bağça zorakılıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər