Kirayə evlərin satılması mexanizminin ipotekadan fərqi nədir? -TƏFƏRRÜAT

Kirayə evlərin satılması mexanizminin ipotekadan fərqi nədir? -TƏFƏRRÜAT

Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək

Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir.

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, ilkin mərhələdə 331 mənzil bazara çıxarılıb.

Nizami rayonunda 208 mənzil kirayəyə veriləcək. 208 mənzildən 33-ü 1, 141-i 2, 19-u 3, 1-i isə 4 otaqlıdır. Hər bir mənzil yüksək standartlara cavab verən materiallarla təmir edilib. İstilik sistemi ilə tam təchiz olunub.

Həmçinin oxu: Kirayə mənzillərin görüntüsü yayıldı: Tam təmirlidirlər - VİDEO

Kirayəyə veriləcək digər 123 mənzilin 40-ı Xətai rayonu ərazisində, 58-i Xırdalanda, 25-i isə Sumqayıt şəhərində ucaldılan çoxmənzilli binalardadır. Lakin bazara çıxarılan mənzil sayı bununla məhdudlaşmayacaq. İl ərzində təklif ediləcək mənzillərin sayının 4-5 dəfə artırılması planlaşdırılır.

Vətəndaşlar tam təmirli və 2013-cü ildən sonra istifadəyə verilən mənzilləri sahəsinə görə seçmək imkanına malikdir. Qaydalara görə, kirayəçi mənzilin 12 aylıq mislini öncədən ödəməlidir. 3 ildən sonra isə vətəndaş mənzilin dəyərini ödəməklə onun sahibinə çevrilmək hüququna malikdir. 60 yaşadək olan hər bir kəs kirayə mənzil layihəsindən yararlana bilər. Mənzillərin kirayəyə götürülməsinə dair müqavilələrin müddətinə gəlincə, bu, vətəndaşın istəyinə uyğun müəyyən ediləcək: 3 ildən 25-ilədək. 

Maraqlıdır, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin ipoteka ilə satılan və adi yolla kirayəyə verilən mənzillərdən fərqi nədədir?

Əvvəla, vətəndaşların ipoteka kreditləşməsi ilə müqayisədə kirayə mənzillərə çıxış imkanları daha rahatdır. Tələb edilən ilkin ödəniş isə daha azdır. Bundan əlavə, vətəndaş sığorta, mənzilin saxlanması xərclərindən də azaddır.

Adi kirayədən üstünlüyünə gəlincə isə, satmaq öhdəliyi ilə kirayə mənzil götürən vətəndaşın ödədiyi vəsait investisiya xarakteri daşıyır. Yəni ödəniləcək məbləğ 25 il ərzində sabit qalır. Ancaq adi qaydada mənzil kirayələmisinizsə, hər an qiymət dəyişikliyi ilə qarşılaşmanız mümkündür. Ən böyük üstünlük isə odur ki, satmaq öhdəliyi ilə kirayəyə mənzil götürən şəxs sonda onun sahibinə çevrilmək hüququna malikdir.

BakuCity.az

kirayə mənzillər satış müraciət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər