İ.Süleymanov apellyasiya şikayəti verib
Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində yeni ittiham irəli sürülüb.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.
Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.
Həmçinin oxu: Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanıldığı bildirilir - VİDEO
İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
BakuCity.az