Bakı sakinləri bu gün ilk qarı görəcəklər - PROQNOZ

Bakı sakinləri bu gün ilk qarı görəcəklər - PROQNOZ

Yağıntı arabir intensivləşəcək

Paytaxt sakinləri bu gün cari qış fəslinin ilk qarını müşahidə edə biləcəklər.

BakuCity.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, bu il yanvarın 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1,8 dərəcə, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub. Müqayisə üçün göstərmək olar ki, keçən il temperatur cəmi bir dəfə 0 dərəcədən aşağı enib və ayın 20-də 2 dərəcə şaxta qeydə alınıb.

Onun sözlərinə görə, yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində paytaxt sakinləri, ilkin proqnoza görə, bu qış fəslinin ilk qarını müşahidə edə biləcəklər:

"Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeronda ayın 24-dən 25-i səhərədək havanın yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var".

U.Tağıyeva qeyd edib ki, yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq:

"Yanvarın 25-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Yanvarın 24-də şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var".

BakuCity.az

Bakı qar hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər