Bakıdakı yeni tikililərin davamlılıq məsələsi gündəmdə: zəlzələyə dözəcəklər? - VİDEO

Bakıdakı yeni tikililərin davamlılıq məsələsi gündəmdə: zəlzələyə dözəcəklər? - VİDEO

Əsas məsələ fövqəladə hal çantasının olmasıdır

Bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 bal gücündə zəlzələ əhali arasında təşvişə səbəb olub. Zəlzələnin baş verməsi binalarda və yaşayış obyektlərində dağıntılarla nəticələnib.

Qonşu ölkədəki hadisə Azərbaycanda tikilən yeni binaların zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib. Çünki ölkəmizdə də zaman-zaman güclü və zəif zəlzələlər olub.

Yeni tikilən çoxmərtəbəli binalarda hər hansı təbii fəlakətin qarşısının alınması məqsədilə pərçimləmə işləri həyata keçirilir. Daha sonra çalalar qazılır və bünövrə altları hazırlanır və üst mərtəbələr tikilir.

Qeyd edək ki, yen tikililər təxminən 8-9 bal gücündə zəlzələyə davamlıdır.

Binaların zəlzələ və digər təbii fəlakətlərə davamlı olması məqsədilə tikintiyə təsdiq edilmiş layihə əsasında başlanılır. Bu zaman layihədə normativlər göstərilir və iş bu şəkildə icra edilir. Hər binanın altında dərinliyi 8 metr olan 35 dəmir-beton konstruksiya quraşdırılır. Binanın dayanıqlılığını artırmaq məqsədilə titrədicilərdən istifadə edilir. Bu titrədicilər betonu sıxlaşdırır və onun möhkəmliyini artırır.

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, Bakıda dövlət nəzarəti ilə tikilən bütün binalar minimum 8 bal gücündə zəlzələyə davamlıdır. Hər bir binanın tikintisi üçün müvafiq qurumlar tərəfindən əvvəlcədən yoxlamalar keçirilir. Yoxlamalar zamanı ərazinin geoseysmik göstəriciləri də mütləq şəkildə nəzərə alınır. Ərazinin seysmik göstəricilərinə uyğun olaraq, layihə icraçısı qarşısında tələblər qoyulur. Ümumiyyətlə, hazırda tətbiq edilən normativlər ölkəmizdəki binaların zəlzələyə davamlılığını həyata keçirir.

Zəlzələ ilə bağlı 3 mərhələdə məlumatlandırma olur: zəlzələdən əvvəl, təbii fəlakət zamanı və ondan sonra.  

Seysmoloq Afaq Ağazadə deyir ki, zəlzələ zamanı əsas məsələ fövqəladə hal çantasının olmasıdır:

“Fövqəladə hal çantası qadınlar üçün 10 kq, kişilər üçün 15 kq olmalıdır. Həm də vacib bütün ləvazimatlar fövqəladə hal çantasının içində olmalıdır”.

Təbii fəlakəti ən az təşvişlə qarşılamaq üçün əhali arasında güclü maarifləndirmə tədbirlərinin keçirilməsi mütləqdir. Təbliğat və təşviqat işlərinin həm paytaxt, həm də regionun təhsil müəssisələrində aparılması vacibdir.

BakuCity.az

Bakı yeni tikililər zəlzələ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər