Bakıda lazer korreksiyası: eynəkdən həmişəlik qurtulmağın yolları - QİYMƏTLƏR

Bakıda lazer korreksiyası: eynəkdən həmişəlik qurtulmağın yolları - QİYMƏTLƏR

Lazer göz korreksiyası kosmetik prosedur kimi

“Spero Hospital” klinikasında on illik iş təcrübəsi olan oftalmoloq Aygün Rəhimzadə BakuCity.az-a Bakıda lazer göz korreksiyasının müasir növləri, əks göstəricilər və bu əməliyyatın qiyməti barədə danışıb.

Əməliyyat üçün göstəricilər

Mütəxəssisin sözlərinə görə, bu əməliyyat bütün dünyada kosmetik hesab olunur:

“Lazer göz korreksiyası o zaman aparılır ki, pasiyent eynək və linza taxmaq istəmir. Bəzi hallarda isə xəstənin istəyi ilə deyil, tibbi göstəricilərə görə həyata keçirilir. Bura sol və sağ gözün refraksiyasında əhəmiyyətli bir fərqlə ifadə olunan anizometropiya kimi göz xəstəliyi də daxildir. Yəni bir göz 100% görmə qabiliyyətlidir, digəri isə yüksək miopiyadır (göz uzaq obyektlərə yaxşı diqqət yetirə bilmir, amma yaxın məsafədə aydın görür və ya əksinə - hipermetropiya (uzağı görmə).

Bu halda əməliyyat bir gözdə aparılır. Bu əməliyyat üçün tibbi göstəricilərə insanın özünü eynəklə qəbul edə bilməməsi, psixoloji pozğunluqlar, depressiya da aiddir. Bu vəziyyətdə pasiyent fiziki narahatlıq, başgicəllənmə və s. hiss edir.

Yaş məhdudiyyəti və əks göstəricilər

"Lazer korreksiyası üçün minimum yaş 18-dir. Ancaq bu o demək deyil ki, həmin yaşda hər kəs bu əməliyyatı həyata keçirə bilər. Axı bədənin böyüməsi və inkişafı davam edir. Müayinə aparmaq lazımdır və əgər refraksiyada dəyişiklik olmursa, Pasiyent əməliyyat oluna bilər. Digər bir meyar göz miopiyasının dərəcəsidir: əgər göstərici 6D-dən çoxdursa, əməliyyat 21 yaşa qədər təxirə salınmalıdır. Əgər göstərici 9D-dən yuxarıdırsa, 25 yaşa qədər gözləmək daha yaxşıdır", - deyə A.Rəhimzadə izah edib.

Mütəxəssisin fikrincə, bu prosedurun maksimal yaşı 55-dir. Çünki bu yaşda nüvə kataraktası inkişafa başlayır, göz bülluru bulanır. Bu yaşda bülluru dəyişdirmək əməliyyatı daha uyğundur:

"Bundan əlavə, bu prosedur əks göstəricilərə malikdir: şəkərli diabet, quru göz sindromu, görmə sinirinin atrofiyası, qlaukoma və makulodistrofiya. Lazer korreksiyası üçün pasiyentdə sağlam tor qişası və görmə siniri olmalıdır".

Bakıda lazer korreksiyası: eynəkdən həmişəlik qurtulmağın yolları - QİYMƏTLƏR, fotoşəkil-1

Lazer göz korreksiyasının növləri

Oftalmoloq qeyd edib ki, əməliyyat metoddan və pasiyentin vəziyyətindən asılı olaraq 10-15 dəqiqə davam edir. Bu gün tibbdə epiteliyanın çıxarıldığı “Photorefractive keratectomy, PRK” (Fotorefraksiyon keratektomiya, FRK) kimi metodlar mövcuddur. LASIK üsulu da var ki, bu metodla buynuz qişası formalaşdırılır. “Öz növbəsində, LASIK infraqırmızı işıq şüası istifadə edən Femto-LASIK-ə bölünür. Bu metod ən qabaqcıldır. Bu gün “noutach” metodundan da tez-tez istifadə olunur. Bununla standart PRK epiteliyanı mexaniki olaraq yox edir, ancaq aparatdakı xüsusi proqramın köməyi ilə eksimer lazer buynuz qişasının yeni səthini meydana gətirir. Lazer skan rejimində işləyir, qişanın səthini “hamarlayır” və nəticənin dəqiqliyini və proqnozlaşdırılmasını təmin edir.

Mümkün yan təsirlər

Mütəxəssis qeyd edib ki, əməliyyat ağırlaşma olmadan keçirsə və xəstə reabilitasiyanın tələblərinə düzgün əməl edərsə, yəni televizora baxmasa və üç gün ərzində smartfondan istifadə etməsə, bir ay sauna və hovuza getməsə, heç bir fəsad olmur:

“Nadir hallarda quru göz sindromu müşahidə edilə bilər. Ümumiyyətlə, meqapolis şəraitində  kompüterdə çox çalışdıqda insanlar bu problemlə tez-tez qarşılaşırlar. Sindromla müşayiət olunan xoşagəlməz duyğuları aradan qaldırmaq üçün gözlərə göz yaşı əvəzedicisi tökmək lazımdır, bu dərmanlar xəstənin yaşından asılı olaraq həkim tərəfindən müəyyən edilir”.

A.Rəhimzadə əlavə edib ki, əməliyyatdan sonra reqressiya nadir hallarda müşahidə olunur. Əməliyyat olunan pasiyentlərin ümumi sayından yalnız 5 faizində görmə problemi var:

“Təcrübəli həkim reqressiya riskinin olub-olmadığını müəyyən edə bilər. Adətən, pasiyentlərin 98 faizində xəstəlik geri qayıtmır".

Əməliyyata hazırlıq

Əməliyyatdan əvvəl gözün tam müayinəsindən keçmək lazımdır: refraktometriya, təzyiq ölçmə, büllurun müayinəsi, qişanın xəritəsinin çəkilməsi, başqa sözlə, qalınlığını ölçən keratotopoqrafiya, bu da səthlərinin simmetriyasını göstərir. Bu məlumatlar gözün lazerlə müalicə oluna biləcəyini müəyyən edir.

Bundan əlavə, hepatit infeksiyası olduğunu öyrənmək üçün analiz verilir.

Qiymətlər

Bakıda bu əməliyyatın dəyəri metodundan asılıdır. Müsahibimizin vurğuladığı kimi, həkim xəstəyə lazer göz korreksiyasının bütün müsbət və mənfi cəhətlərini izah etməlidir.

Bu gün ən bahalı lazer korreksiyası üsulu Femto-LASIK-dir. Qiyməti 2000 manatdan çoxdur – 2200-2400 arasında dəyişir. Belə yüksək qiymətə səbəb bu metodda olduqca bahalı olan birdəfəlik ucluqdan istifadə ilə bağlıdır.

Adi LASIK-in qiyməti 1000-1400 manat arasında dəyişir. PRK metodundan sonra bərpa müddəti beş gün davam edir, çünki buynuz qişasının epiteliyası çıxarılır və gözə müvəqqəti olaraq linza qoyulur. Belə bir əməliyyatin qiyməti isə 800-1000 manat arasında dəyişir.

Züleyxa İsmaylova

BakuCity.az

Bakı lazer korreksiyası əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər