Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?

Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?

Ağır forma yaşlı insanlar və azyaşlılar üçün təhlükəlidir

İlk dəfə Çinin Uhan vilayətində qeydə alınan 2019-nCoV koronavirus bütün dünyada təşvişə səbəb olub. Artıq Avstraliya, Kanada, Honq Konq, Makao, Malayziya, Yaponiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, Vyetnam, ABŞ və İtaliyada da bu virusa yoluxma halları təsdiqlənib.

Azərbaycan vətəndaşlarını da bir sıra suallar narahat edir: bu qorxunc virus Azərbaycanın təhdid edirmi, yoluxma ehtimalı nə dərəcədədir, təhlükədən qorunmaq mümkündürmü?

BakuCity.az bu suallara aydınlıq gətirmək üçün Azərbaycanın baş infeksionisti Cəlal İsayevə müraciət edib.

Azərbaycanda yoluxma halları

C.İsayevin sözlərinə görə, ölkəmizdə bu virusa yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb:

Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?, fotoşəkil-1

“Lakin yoluxma riskinin olduğunu istisna etmək olmaz. Bizim ölkəyə tez-tez Çin vətəndaşları gəlir, onları virusla əlaqədar yoxlamaq vacibdir. Hazırda məsələ Dövlət Gömrük Komitəsinin nəzarəti altındadır, ölkəyə daxil olan hər bir şəxs yoxlanılır”.

Baş infeksionist bildirib ki, Bakıda zəruri tədbirlər görülüb, xüsusi palatalar hazırlanıb, laborator və diaqnostik imkanlar gücləndirilib, lazımi preparatlara malik heyət hazırlanıb:

“Təşvişə düşməyə səbəb yoxdur, dövlət tam olaraq zəruri profilaktik tədbirlər görür”.

Xəstəliyin əlamətləri

O aydınlıq gətirib ki, koronavirus soyuqdəymədən tutmuş Yaxın Şərq respirator sindromu, həmçinin kəskin respirator sindromunadək xəstəlik yarada bilən RNK virusları qrupuna daxildir. Bundan başqa, xəstəliyin ilkin simptomları adi soyuqdəyməyə (kəskin respirator xəstəliyi) bənzəyir: öskürək, özünü pis hiss etmə, yüksək hərarət. Belə olan halda sual yaranır: koronavirusu adi soyuqdəymədən necə ayırd etmək olar? 

“Əgər xəstəlik yüngül formada başlayırsa, yoluxmuş insanda soyuqdəymənin əlamətləri görünür. Ağır formada isə tənəffüs çatışmazlığı ilə müşahidə olunur ki, bu da ölümlə nəticələnə bilər. Ağır forma yaşlı insanlar və azyaşlılar üçün təhlükəlidir. Uşaqlar da risk zonasına daxildirlər, çünki onların immun sistemi çox zəifdir”, - C.İsayev deyib.

Mütəxəssis əlavə edib ki, istənilən soyuqdəymə zamanı həkimə müraciət etmək lazımdır, çünki kəskin respirator sindrom çox sayda digər növ viruslarla nəticələnə bilər.

Xəstəliyin əsas daşıyıcıları

Azərbaycanın baş infeksionisti qeyd edib ki, koronavirusun daşıyıcıları heyvanlardır: 

“Virusun təhlükəli tərəfi odur ki, hava-damcı yolu ilə keçə bilər. Daşıyıcıları it, pişik, inək, toyuq, qoyun və donuzlar ola bilər. Təbii ki, qidada yoluxmuş heyvanın ətindən istifadə olunsa, xəstələnmək ehtimalı var”.

C.İsayev onu da bildirib ki, tibbi maskalar koronavirusa yoluxma riskindən 60-70 faiz müdafiə edə bilər.

Züleyxa İsmayılova

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər