Bakı-Sumqayıt yolunda yük daşıyan evakuator təhlükə yaratdı - VİDEO

Bakı-Sumqayıt yolunda yük daşıyan evakuator təhlükə yaratdı - VİDEO

Polis açıqlama verdi

Bakı-Sumqayıt yolunda evakuatorun yük daşıması təhlükəli vəziyyət yaradıb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunun Ekoloji nəzarət postundan keçən hissəsində çəkilib.

Videogörüntüdə evakuatorun üzərində içərisində yük olan “Ford Transit” markalı yük maşınının daşındığı görünür. Yükün nəqliyyat vasitəsindən kənara çıxması digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradıb.

Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Bakı-Sumqayıt yolunda hərəkət edən evakuatorun təhlükə yaratmasına dair məsələyə münasibət bildirərkən deyib ki, görüntü aydın olmadığı üçün sürücünün “Yol hərəkəti haqqında” qanunun müvafiq tələbini pozub-pozmadığı barədə dəqiq fikir söyləmək çətindir:

“Görüntüdən daşınan yükün ölçü parametrləri yaxşı görünmür. Bu səbəbdən də dəqiq fikir söyləmək olmur. Əgər arxada yerlə sürünən evakuatorun yüküdürsə, o halda sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin (Yüklərin daşınması) tələbini pozub”.

Xatırladaq ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda yüklərin markalanmasına aid hissənin 4.14-cü maddəsində qeyd olunub ki, qabaq və arxa tərəfdən avtonəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından bir metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxan yüklər Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkətinə dair normativ hüquqi aktlarına uyğun nişanlanmalıdır.

Bundan başqa, “Yükün yüklənməsi və boşaldılması Qaydaları”nın  6.5-ci maddəsinə görə, yüklənməsinə çox vaxt sərf edilən metal çubuqlar (millər), borular və digər tarazsız daşınan ədədi yüklər yüklənmədən əvvəl sarınmalıdır (altlıqların üzərinə yığılmalı və ya yükgöndərən tərəfindən digər üsullarla yük vahidi halına gətirilməlidir).

BakuCity.az

Bakı-Sumqayıt yolu evakuator
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər