Azərbaycanda virusdan qorunmaq istəyənlər maskalardan düz istifadə etmirlər - Epidemioloq MƏSLƏHƏTİ

Azərbaycanda virusdan qorunmaq istəyənlər maskalardan düz istifadə etmirlər - Epidemioloq MƏSLƏHƏTİ

"Bu virusa qarşı vaksin hazırlamaq çətin olacaq"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını "beynəlxalq əhəmiyyətli fövqaladə vəziyyət" elan edib. Çindən başqa, Avstraliya, Kanada, Fransa, Honq Konq, Makao, Malayziya, Yaponiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, Vyetnam, ABŞ və İtaliyada da virusa yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva BakuCity.az-a açıqlamasında Azərbaycanda ölümcül virusa yoluxma faktının olmadığını təsdiqləyib, lakin belə bir ehtimalın istisna edilmədiyini də vurğulayıb:

“Bu, hava-damcı yolu ilə yayılan infeksiyadır və təmasla ötürülə bilər. Artıq heç kim, xüsusən də bir çox ölkələrdə qeydə alındıqdan sonra deyə bilməz ki, hansısa konkret ölkədə koronavirusun yayılma təhlükəsi yoxdur. Yalnız onu deyə bilərəm ki, virusun ölkəmizə daxil olmasının qarşısını almaq üçün dövlət bütün lazımi tədbirləri görür və genişmiqyaslı profilaktik iş aparılır”.

Həmçinin oxu: Çində 17 mindən çox insan koronavirus daşıyıcısıdır: ölənlərin sayı 360-ı keçdi

A.Əliyevanın sözlərinə görə, 2019-nCoV bu yaxınlarda aşkar edilən yeni mutasiya olunmuş bir virusdur. Buna görə də ona qarşı xüsusilə qısa müddət ərzində vaksin hazırlamaq olduqca çətin olacaq:

“ÜST artıq koronavirusa qarşı peyvənd hazırlamaq üzərində müəyyən işlər aparır. Ancaq bu proses çox uzun çəkəcək, bəlkə də bir neçə ay davam edəcək. Açığı, belə güclü bir virusla mübarizə apara biləcək dərman hazırlamaq çox çətindir”.

O, həmçinin qeyd edib ki, ölkəmizdə bir çox insan tibbi maskalardan düz istifadə etmir:

“Yanlış istifadə isə nəinki orqanizmi viruslardan qoruya bilmir, hətta müxtəlif bakteriyaların çoxalmasına şərait yaradır. Problem ondadır ki, əksər hallarda vətəndaşlarımız tibbi maskaları yanlış taxırlar: burunlarını açıq qoyurlar və eyni maskanı bir həftədən çox istifadə edirlər. Halbuki bu maskalar yalnız 4 saat ərzində təsirli olur, daha sonra dəyişdirilməlidir. Bundan əlavə, bir maska bir neçə gün ərzində istifadə edildikdə, bütün növ bakteriya və virusları özünə toplayır və insan yenidən taxdığı anda yoluxur”.

Mütəxəssis onu da deyib ki, yalnız ÜST-nin müəyyən edilmiş standartlarına cavab verən maskalar almaq lazımdır:

“Bir çox yerli apteklərdə satılan maskaların əksəriyyəti virus və infeksiyalardan qoruya bilmir. Yoluxucu xəstəliyi olan insanların tibbi maska taxması vacibdir. Sağlam insanların istifadə etməsi isə vacib deyil”.

Züleyxa İsmayılova

BakuCity.az

koronavirus peyvənd tibbi maskalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər