"Heç kim 8 saatdan artıq işləməməlidir" - İlham Əliyevdən iş adamlarına XƏBƏRDARLIQ

"Heç kim 8 saatdan artıq işləməməlidir" - İlham Əliyevdən iş adamlarına XƏBƏRDARLIQ

"İxtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur"

Heç bir işçi 8 saatdan artıq işləməməlidir.

BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir:

“Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.

Prezident işçilərə də müraciət edib:

“Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır”.

İlham Əliyev bildirib ki, indi inkişaf etmiş ölkələrin şəhərlərində, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var:

“Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır”.

BakuCity.az

İlham Əliyev iş adamları xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər