"Həç bir sürprizi açıqlamayacağıq, amma söz verirəm ki, hər kəs sevinəcək" - Emin Ağalarovla ÖZƏL MÜSAHİBƏ

"Həç bir sürprizi açıqlamayacağıq, amma söz verirəm ki, hər kəs sevinəcək" - Emin Ağalarovla ÖZƏL MÜSAHİBƏ

"Mənim üçün ən özəl yer Nardarandakı “See Breeze”dir"

Azərbaycanın Xalq artisti, bəstəkar, müğənni Emin Ağalarovun BakuCity.az-a müsahibəsi

Emin hazırlaşdığı yeni qastrollar, doğma şəhəri Bakıda keçiriləcək "JARA 2020" yubiley festivalı və digər mövzulara toxunub.

- “Qızım mənim” (“Девочка моя”) albomunuz olduqca uğurlu alındı. Yeni albom hazırlamağı planlaşdırırsınız? Bu dəfə hansı janrda işləmək istərdiniz?

- Təşəkkür edirəm! "Qızım mənim" həqiqətən də yeni aranjiman və səsləndirmə ilə qeyri-adi alındı. Çox sevinirəm ki, dinləyicilərim bu albomu qəbul edib bəyəndilər. İndi bu istiqamətdə, daha müasir şəkildə irəliləyirəm və gənc sənətçilərlə birlikdə bir neçə maraqlı duet hazırlayıram. Həmçinin paralel olaraq ingilis dilində bir albom hazırlayıram. Ümid edirəm ki, qarşıdakı qastrollarda bir neçə yeni mahnı təqdim edəcəyəm.

- Bu il "Jara" beynəlxalq musiqi festivalının yubileyidir. Şübhəsiz ki, xüsusi hazırlaşırsınız.

- Əlbəttə! Nə vaxt xüsusi olmamışıq ki? (gülür) Beş bütöv gün! Artıq cədvəl tərtib edilib və bir çox sənətkarlar təsdiqlənib. Hələ heç bir sürprizi açıqlamayacağıq, amma sizə söz verirəm ki, hər kəs sevinəcək.

29 iyulda qala konsert olacaq, 30 iyulda Dmitri Malikov yubileyini festival səhnəsində qeyd edəcək və 1990-2000-ci illərin hitləri səsləndiriləcək. 31 iyulda İqor Nikolayevin yaradıcılıq gecəsi olacaq. Avqustun 1-də beynəlxalq artistlər gününü, həmçinin bizim uğuru leyblımız “Zhara Music” sənətçilərinin çıxışlarını planlaşdırırıq. Avqustun 2-də, yəni festivalın son günündə Yeqor Krid və Hammali & Navai solo konsertlərini verəcəklər və yeni nəsl (Z) sənətçiləri çıxış edəcəklər. Bu 5 gün çox zəngin və musiqili olacaq!

- Bu illər ərzində hansı nəticələr əldə olunub? Bu layihədə nələri həyata keçirə bildiyinizi, planlaşdırılan və ya nəticələrin gözləntilərinizi üstələdiyini söyləyə bilərsiniz?

- Hələ çox şey planlaşdırırıq, buna görə də daim inkişaf etmək və səy göstərmək lazımdır. Hər il səhvlər üzərində işləyirik və hər il təkcə proqrama deyil, infrastruktura da yenilik gətiririk. 50 sənətçi ilə başladıq və son festivalda artıq 250 nəfər var idi! İndi gördüyümüz nəticə, şübhəsiz ki, gözləntilərimizi üstələyir.

Həmçinin oxu: "Jara-2020" festivalının açılışında çıxış edəcək sənətçilərin adları açıqlandı

- Bu layihənin bu qədər uğurlu olmasının səbəbi, əsas üstünlüyü nədir?

- Burada hər şey bir araya gəldi! Azərbaycan ərazisində səhnənin dəniz sahilində qurulduğu ilk festival... Rusiyanın Birinci kanalı bizə ildə 6-7 efir vaxtı verməklə dəstəkləyir – bu, əla bir göstəricidir. Proqramımız o qədər müxtəlifdir ki, istənilən yaş kateqoriyasında sənətçi, tamaşaçı və janrlar həmişə aktualdır. Əlbəttə ki, Bakı şəhərinin özü, insanlar, kolorit, ab-hava həm izləyicilər, həm də sənət adamları üçün unudulmaz təəssüratlardır.

- Siz tez-tez qastrollarda olursunuz. Maraqlıdır, Sizin üçün qastrol fəaliyyətində ən çətini və ən maraqlı olan nədir? Ən yaddaqalan konsertiniz hansı olub?

- Hər bir konsert unudulmazdır. Əlbəttə ki, Vətənimdəki konsertlər daha həyəcanlı və xüsusidir. İstənilən artist üçün ən çətini daim yollarda olmaqdır: təyyarələr, qatarlar, hava limanları, mehmanxanalar. Bəzən qrafik çox ağır olur ki, bu da adamı əldən salır. Lakin ən əsası odur ki, biz insanlara sevinc bəxş edirik və mən son dərəcə xoşbəxtəm ki, bütün dünya, səni gözlədikləri yerlərdə qastrola getmək, konsert vermək imkanım var. Bu möhtəşəmdir!

- Bakıda zərərli vərdişlərdən asılı vəziyyətə düşənlər üçün “Həyat naminə” adlı reabilitasiya mərkəzi açılacaq. Bu layihədən hansı nəticələr, perspektivlər gözlənilir? Çox ərizə daxil olub?

- Mərkəzin açılışı yaza planlaşdırılıb. Hazırda tam sürətlə hazırlıq işləri gedir. Hesab edirik ki, ilk ayda mərkəz ən azı 30 nəfəri qəbul edə biləcək. Lakin tələbat çox olarsa, biz imkan daxilində ambulator yardım göstərməyə də çalışacağıq. Ərizələr ötən il bu layihəni bəyan edər-etməz daxil olmağa başladı – günə 3-5 ərizə. Yəni problem, göründüyü kimi, aktualdır. Bizim vəzifəmiz hərtərəfli yardım etmək və insanların asılılıqdan xilas olmasına kömək etməkdir.

- Gələcəkdə Azərbaycanda yeni xeyriyyə tədbirləri həyata keçirəcəksinizmi?

- Zaman göstərəcək. 

- Məlum olduğu kimi, xeyriyyəçilik Sizin fəaliyyətinizdə böyük yer tutur. Bu nümunəvi davranışınız digər tanınmış şəxslər üçün nə dərəcədə göstəricidir? Onlar sizinlə birgə hər hansı xeyriyyə layihələrinə həvəsə qatılırlar?

- Mənim tanıdığım sənətçilərin demək olar ki, hamısı xeyriyyəçiliklə məşğuldur. Sosial şəbəkələr vasitəsilə, yaxud elan etmədən – bu, artıq hər kəsin öz seçimidir. Burada əsas məsələ kömək etməkdir. Məsələn, bizim “Sehirli Yolka Vegas” adlı illlik layihəmiz var. Hər dəfə sənət adamları bu layihəni həvəslə və fəal şəkildə öz səhifələrində dəstəkləyirlər. Həmçinin qrafikdə vaxt olanda, imkan daxilində bir çox artistlərlə xeyriyyə məqsədilə təşkil edilən konsertlərdə çıxış edirik.

- Siz Bakıda anadan olmusunuz. Bakı sizin doğma şəhərinizdir. Maraqlıdır, Bakıda məhz hansı məkan sizin üçün məxsusidir?

- Mənim üçün ən özəl yer Nardarandakı köhnə məkanımız olan “See Breeze”dir. Burada dostlarımla, ailəmlə bağlı xatirələrim var.

Züleyxa İsmayılova

BakuCity.az

Emin Ağalarov "Jara 2020" müsahibə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər