Bakıda polo üzrə Avropa çempionatı keçiriləcək - Komandalar məlumdur

Bakıda polo üzrə Avropa çempionatı keçiriləcək - Komandalar məlumdur

Binə Atçılıq Mərkəzində yeni meydança tikilir

Bakıda keçiriləcək polo üzrə Avropa çempionatına qatılacaq komandalar məlum olub.

Azərbaycan Atçılıq Federasiyasından BakuCity.az-a verilən məlumata görə, 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakıda təşkil olunacaq növbəti - 13-cü polo üzrə Avropa çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq məlum olublar. Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempionatda 8 ən yaxşı komanda iştirak edəcək.

Çempionata ev sahibliyi edəcək Azərbaycan və hazırkı Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ əldə ediblər. Digər komandalar isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Niderland və Avstriya olacaqlar.

Bu milli yığmalar Avropanın ən titullu komandalarıdır. Onlardan İngiltərə 6 qat Avropa çempionu, Fransa və İtaliya 2 qat Avropa çempionlarıdır. İspaniya və İrlandiya yığmaları isə 1 dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ biliblər.

Artıq milli komandamızın tərkibi də müəyyən edilib. Heyət Argentinada keçirilən çempionat qabağı ilk təlim-məşq toplanışından yanvar ayında geri qayıdıb. Növbəti təlim-məşq toplanışı yenidən Argentinada mart ayından etibarən 90 günlük təşkil olunacaq.

13-cü Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi 7 hektardan artıq olan, təxminən 8 tam ölçülü futbol meydançası böyüklüyündə meydançanın inşasına başlanılıb və işlər sürətlə davam etdirilir.

BakuCity.az

Bakı polo Avropa çempionatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər