Xəzər regionu ölkələrindəki yeniliklər təqdim ediləcək
2020-ci il martın 12-13-də Bakıda II Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək.
BakuCity.az xəbər verir ki, sammit “Argus Beynəlxalq Qiymət Agentliyi”nin baş tərəfdaşı olan SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dəstəyi ilə təşkil ediləcək.
Tədbirdə neft hasilatı və emalı, nəqliyyat, ticarət sahələrində regionun ən iri şirkət və müəssisələri iştirak edəcək. Neft, neft məhsulları, neft-kimya məhsullarının nəqli marşrutları və treydinqin xüsusiyyətləri müzakirə olunacaq, Xəzər regionu ölkələrindəki yeniliklər təqdim ediləcək. Həmçinin nəqliyyat və neft emalı infrastrukturunun yenilənməsinə və genişləndirilməsinə dair müzakirələrin aparılacağı gözlənilir.
Xatırladaq ki, I Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017-ci ilin oktyabrın 12-13-ü tarixlərində keçirilib.
Dünya miqyaslı müstəqil qiymətləndirmə agentliyi olan “Argus Media” beynəlxalq xammal bazarlarındakı qiymət səviyyəsini hesablayaraq bazarı təhlil edir, ixtisaslı məsləhət xidmətləri göstərir, sahə mövzularına dair konfranslar keçirir.