Hialuron dərini elastikləşdirən turşudur
Genetik faktor, aktiv üz hərəkətləri və zərərli vərdişlər insanların daha tez yaşlanmasına səbəb olur. Hər bir insanın üz dərisində isə yaşlanma əlaməti olan qırışlar, sallanmalar, rəng dəyişikliyi, ləkələr və törəmələr əmələ gəlir. Bununla barışmaq istəməyən insanlar isə dərini gəncləşdirən müxtəlif vasitələrə əl atırlar.
BakuCity.az xüsusilə üz dərisinə tətbiq olunan botoks və hialuron turşusu barədə araşdırma aparıb.Bunun üçün “Qələndər” estetik klinikasının və “Aybükə Qələndər” estetik mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərə müraciət etmişik.
Hialuron və cərrahi müdaxilə ən münasib üsuldur
V.Qələndər kiçik qırışların aradan qaldırılmasında sadəcə hialuron turşusunun effektiv olduğunu, dərin qırışları tamamilə yox etmək üçün isə hialuron öncəsi cərrahi müdaxilənin vacib olduğunu deyib:
“Botoks dedikdə çox vaxt insanlar buraya hialuronu və digər dolğu maddələrini də aid edirlər. Amma botoks tamam başqa maddədir və mən bu maddənin tətbiqini məsləhət görmürəm.
Hialuron çox miqdarda olmadığına görə ondan hər hansısa dolğu maddəsi kimi süd vəzlərində və ya bədənin digər nahiyələrində korreksiyalar zamanı istifadə edilmir. Ondan əsasən gözətrafı qırışlar, alın və qaşarası qırışları, burun kənarındakı, dodaqətrafı qırışları, həmçinin dodaqların kənarından çənəyə doğru enən qırışları aradan qaldırmaq üçün istifadə olunur. Amma qatılıq növlərinə görə üzün bəzi nahiyələrində gel əvəzi istifadə etmək olar. Böyük nahiyələrə tətbiq olunmasa da, boyun qırışlarını aradan qaldırmaq üçün hialuronun tətbiqi mümkündür”.
Əgər üzdə, xüsusilə göz ətrafında qüsurlar və çökəkliklər yaranıbsa və dərinləşibsə,V.Qələndərin fikrincə, onları aradan qaldırmaq üçün mütləq öncə cərrahiyyə - blefaroplastika əməliyyatı etmək, daha sonra hialuron vurmaq lazımdır:
“Qüsur qaşlarda, üzdə və ya göz kənarındadırsa, birinci növbədə həmin nahiyəyə pasiyentin öz bədənindən alınmış piy toxumalarını köçürmək, daha sonrakı proseslərdə isə hialuron turşusu vurmaq olar. Hialuron turşusu təbii nəmləndirici faktorlar sırasına (NMF) daxildir – bu epidermis matrisində olan molekul kompleksi dərinin nəmləndirilməsinə və nəmin dəridə saxlanılmasına cavabdehdir. Gənclik dövründə dəri özü kifayət qədər hialuron turşusu istehsal edir, yalnız zamanla onun miqdarı azalır. Bu səbəbdəndəriyə vurulduğu zamandəri onu asan qəbul edir. Hialuron çox yaşlı insanlarda effektiv olmaya bilər, amma 35-65 yaş arasında yaxşı nəticə verir. Piy köçürməsindən sonra isə daha effektiv olur”.
Hialuron turşusunun bahalı və ya ucuz olmasına gəlincə, mütəxəssis qeyd edib ki, qiymətlər yerlərə görə dəyişir, amma bahalıdırsa, keyfiyyətinə əmin ola bilərsiniz:
“Hialuron,adətən,öz ampulasında, bir insana istifadə oluna biləcək həcmdə (2-3 və ya 5 qram) gəlir və bu bir insana tətqib ediləndə daha effektiv olur. Bəzən daha çox həcmdə gəlir və yüzlərlə insana tətbiq olunur. Təbii ki, bu zamanistədiyimiz effekti ala bilmərik. Çox vurulması zərərli olmasa belə, hialuron pasiyentin üzünə ehtiyac olan qədər vurulmalıdır ki, üz quruluşunun təbiiliyini pozmasın və allergik situasiya yaranmasın. Bunu isə həkim özü təyin edir”.
V.Qələndərin sözlərinə görə, piy və ya hialuron köçürmələrindən sonra ciddi fəsadlar olmur. Yaranan müvəqqəti şişkinlik də bir müddət sonra yerini xoş və hamar təsir bağışlayan dəriyə verir. Çünki hialuron insan bədənində elastik lifləri formalaşdıran və dərini daim elastik tonusda saxlayan bir turşudur.
Plastik və rekonstruktiv cərrahsadəcə botoksun deyil, dolğu gellərinin də əleyhinədir:
“Bəzən klinikaya geldən sonra üzü eybəcər şəkil alan insanlar gəlir və mən o geli çox çətinliklə təmizləyirəm. Bunu edə bilən həkim isə çox azdır. Düzdür, təbii dolğu gellərinin də tərkibində hialuron turşusu var, amma onları da mütəxəssislərə həvalə etmək lazımdır. Əks halda aradan qaldırılması mümkün olmayan fəsadlar, ömürlük qüsurlar qazanmaq qaçılmazdır.
Botoksa gəlincə...
İlk dəfə 1981-ci ildə kosmetik məqsədlə istifadə olunan botoks – “Clostridium botulinum” bakteriyalarından alınan botulizm toksini maddəsidir. Bu toksin isə qaşa və hərəkətdə olan mimikaəzələlərinə vurulur ki, onları 6 ay iflic vəziyyətində saxlasın. Bu zaman qırışlar dərhal, amma müvəqqəti açılır, sonra isə yenidən bərpa olunur.
Botoksdan üz nahiyəsindəki qırışları açmaqla yanaşı, qoltuq altı, ovuc içi və ayaqaltı tərləmələri və digər problemləri aradan qaldırmaq üçün də istifadə olunur. Amma botoks tətbiq olunan nahiyələrdən kənardakı əzələlərə təsir etmir, sadəcə sinir-əzələ keçiricilik sistemində zülallara bağlanaraq asetilkolin maddəsinin sintez olunmasının qarşısını alır. Bir sözlə, gel və botoks ayrı-ayrı maddələrdən alınsa da,eyni mexanizmə əzələyə gələn impulsu iflic etməklə xidmət edir.
Paytaxtda yerləşən bir sıra estetik klinika və mərkəzlərdə təklif olunan qiymətlər aşağıdakı kimidir:
Klinika | Hialuron | Botoks | Ünvan, əlaqə |
“Al Sa Bah” | 200-500 AZN | Yoxdur | Nəsimirayonun, AkademikH.Əliyevküç.,10/61 |
“Amaliya” | 180-450 AZN | 250-400 AZN | Səbail rayonu, Neftçilər prospekti, 65 |
“Aybükə Qələndər” | 150-300 AZN | 170-300 AZN | Yasamal rayonu, Firudin Ağayev küç., 558 |
“Belle Femme” | 260-300 AZN | 80-100 AZN | Nəsimi rayonu, K.Səfərliyevaküç.,45 |
“Medholding” | 180-300 AZN | Yoxdur | Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 458 |
“ParaMed” | 150-450 AZN | 50-300 AZN | Nəsimi rayonu, Feyzulla Qasımzadə küç., 47B |
“Paris Beaute” | 150-300 AZN | 200-300 AZN | 8-ci mikrorayon, Atatürk prospekti, 3078 |
“Arash” | 150-250 AZN | Yoxdur | Nəsimi rayonu, Sarabski küç., 16 |
Ramilə Qardaşxanqızı
BakuCity.az