Fəzail Ağamalı ilə Kamil Musavi arasında gərginlik: "Heç kim qorxmasın!" - VİDEO

Fəzail Ağamalı ilə Kamil Musavi arasında gərginlik: "Heç kim qorxmasın!" - VİDEO

Kamil Musavi qeyri-etik ifadələrə yol verib

Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər - Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Kamil Musavi arasında gərginlik yaranıb.

BakuCity.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, bir qrup insan seçicilərlə görüşdən çıxan F.Ağamalıya etiraz edib. Yaranmış vəziyyət F.Ağamalının avtomobilinə minərək ərazidən uzaqlaşması ilə nəticələnib.

F.Ağamalı məsələ ilə əlaqədar “Qafqazinfo”ya bildirib ki, bu gün Qarabağlı kəndində seçicilərlə son görüşünü keçirib:

“Həmin görüşdə xalq artisti Nurəddin Mehdixanlı da iştirak edirdi. Seçicilərlə görüş bitdikdən sonra çölə çıxarkən digər namizəd Kamil Musəvi tərəfindən təşkil olunmuş, respublikanın müxtəlif bölgələrindən oraya gətirilmiş sərxoş, idarəolunmaz şəxslər qarşımı kəsdilər. Mənə ən müxtəlif təhdidlər edildi. Kamil Musavi tərəfindən təhqir edildim. Biz bu təxribata getmədik. Kamil Musavini sakitliyə dəvət etdim. Seçicilərin köməyi ilə oradan çıxıb maşınıma əyləşdim. Bundan sonra da həmin insanlar əllərindəki küt alətlərlə maşınıma zərər yetirdilər.

Hazırda hüquq-mühafizə orqanlarına, Mərkəzi Seçki Komissiyasına müraciət hazırlayıram. Ümidvaram ki, hüquq-mühafizə orqanları və Mərkəzi Seçki Komissiyası bu barədə ciddi addımlar atacaq. Çünki həmin adamlar mənim seçicilərim deyildi. 450-500 nəfər seçicim zala toplaşmışdı. Onlar insanların üzərinə hücuma keçdilər. Bir qadın xəsarət aldı. Hazırda xəstəxanada reanimasiyada yatır. Onlar seçicilərin üzərinə getdilər ki, niyə mənim görüşümə gəliblər?!”

Qeyd edək ki, K.Musavi insanların qarşısında müraciəti zamanı qeyri-etik ifadələrə yol verib.

BakuCity.az

seçkilər Fəzail Ağamalı Kamil Musavi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər