Ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq
Metronun “28 May” stansiyasının çıxışında Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BakuCity.az-a bildirib ki, metropoliten tərəfindən ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:
“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metro stansiyasının çıxışında yerləşən Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb".
Onun sözlərinə görə, görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq.