Pekində təhsil alan tələbədir
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb.
BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə daha 1 nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. O, Pekindən Əbu Dabi şəhərinə, fevralın 12-si isə Əbu Dabidən Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.
Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.
BakuCity.az