Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadi Rəcəblinin seçildiyi dairələrdə nəticələr ləğv edildi - RƏSMİ + YENİLƏNİB

Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadi Rəcəblinin seçildiyi dairələrdə nəticələr ləğv edildi - RƏSMİ + YENİLƏNİB

Seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərə maneə yaradılıb

Mərkəzi Seçki Komissiyasının iclasında 33 saylı Xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə də baxılıb. Bu dairənin lider namizədi isə Hüseynbala Mirələmov olub.

BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, bu dairədə 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib.

Həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərara əsasən nəticələr ləğv olunub.

17:19

Mərkəzi Seçki Komissiyasının iclasında 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə də baxılıb. Bu dairədən lidr namizəd Rauf Arifoğlu olub.

BakuCity.az xəbər verir ki,MSK üzvü Ramiz İbrahimovun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı ekspert qrupu belə bir qənaətə gəlib ki, seçki qanunvericiliyinin pozuntularına yol verilib, seçki məntəqəsində protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib.

Bu dairənin 30 məntəqəsi üzrə səsvermənin nətcələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Həmçinin 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. Bu dairədən lider namizəd Hadi Rəcəbli olub.

Bildirilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib, həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə əməl edilməyib. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib.

Qərara əsasən, bu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

16:57

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

BakuCity.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, komissiya tərəfindən müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb.

Həmçinin oxu: Rauf Arifoğlundan gözlənilməz təklif: "Səsvermənin nəticəsi ləğv edilsin, bir daha yarışaq"

O əlavə edib ki, seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb:

"Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir".

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, ilkin nəticələrə əsasən, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

BakuCity.az

MSK Çingiz Qənizadə parlament seçkiləri nəticələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər