Səs-küylü avtomobil yolu, dəmir yolu, yaşıllıq və fəvvarələr
BakuCity.az paytaxtın mərkəzi parklarından biri - Səməd Vurğun bağından bəhs edir.
Bu kiçik yaşıllıq zonası səliqəsi və sadəliyi ilə göz oxşayır, burada hətta daim sıx hərəkətin olduğu, səs-küylü yolda, Bakı Dəmiryol Vağzalının yaxınlığında təmiz hava almaq olar.
Parkda böyük Azərbaycan şairi Səməd Vurğunun heykəli ucaldılıb.
Keçmişdə
Sovet dövründə parkın adı başqa idi – heç bir abidə və heykəli olmayan İliç bağı. 1922-ci ilə qədər parkın yerində şənbə günləri yarmarkanın fəaliyyət göstərdiyi boş meydança var idi. Bu yerdə parkın yaradılması təşəbbüsünü 1922-ci ildə çuqundan bağçılıq məmulatları satıcısı Krasnikov irəli sürdü.
1938-ci ildə bu ərazidə yüksək metal divarla əhatə olunmuş zoopark fəaliyyət göstərirdi.
1959-cu ildə paytaxtın o vaxtkı meri Ağamirzə Əhmədov paytaxtın abadlaşdırılması və yaşıllaşdırılmasına xüsusi diqqət yetirərək, heyvanları Razin (indiki Bakıxanov) qəsəbəsinə köçürdü və zooparkın yerində proletariat rəhbərinin adını verdiyi bağı saldı.