Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib
BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur. Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimiz konsertin biletləri bir neçə həftə öncədən bitib. Bu isə məni çox xoşbəxt etdi. Yəni, sonucda 14 fevralda səhnədə olmaq xoşdur”.
Müğənni Bakıya ilk dəfə gəldiyini və hələlik şəhərin gəzib-görməli yerlərində olmadığını deyib: “Bakıya bu gün ilk dəfə gəldim, sabah isə gedəcəyəm. Amma hər halda bura yenə gələcəyəm. “Instagram”da Azərbaycanlı fanatlarımın şərhlərini görürəm, bura tez-tez dəvət edilirdim, amma mənə olan marağın bu qədər çox olduğunu bilmirdim. Dediyim kimi, bu konsertin möhtəşəm olacağını düşünürəm və bu qədər çox insan üçün oxuyacağımı gözləmirdim".
İfaçı Azərbaycanlı müğənnilərin heç birini tanımadığını deyib.
Ramilə Qardaşxanqızı
BakuCity.az