Bakı-Sumqayıt yolunda tıxac bu yolla aradan qaldırılacaq

Bakı-Sumqayıt yolunda tıxac bu yolla aradan qaldırılacaq

Tunel də genişləndiriləcək

Xırdalan dairəsinin altından keçən avtomobil tunelində genişləndirmə işlərinin aparılması nəzərdə tutulur.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "APA-Economics"ə deyib.

Onun sözlərinə görə, tunel hər bir istiqamət üzrə iki hərəkət zolağından dörd hərəkət zolağınadək genişləndiriləcək:

"Bunun üçün ərazidə svay əsaslı istinad divarının inşası aparılır. Bundan başqa, daha iki hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır. Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə işlər aparılır".

Agentliyinin mətbuat katibi əlavə edib ki, bundan başqa, magistral yolda hər bir istiqamət üzrə iki hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

"Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək".

Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatlara gəlincə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək:

"Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb".

BakuCity.az

Xırdalan dairəsi yol təmiri Ekologiya postu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər