"Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO

"Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO

"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?”

"Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər.

Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar:

"Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqayıt Şəhər İcra Hakimiyyəti də bundan xəbərdar idi. Biz də sevindik, nəhayət, su problemimizin qismən də olsa həll olunacağına ümid etdik".

Həmçinin oxu: "Yaşma bağları"nda 30 illik su problemi: kanal suyunu dənizə axıdırlar, sakinlərə vermirlər - FOTO + VİDEO

Amma iddia olunur ki, köhnə boruların yarısı kanalizasiya suları üçün nəzərdə tutulmuş yeni borularla əvəzləndi:

"Bu borularsa o qədər nazikdir ki, suyun təzyiqi bir balaca yüksək olan kimi partlayır. Bir sözlə, bu məsələ də yarımçıq qaldı. Əvvəl heç olmasa bir balaca çürümüş olsa da, həmin borulardan gələn su ilə yaşayışımızı idarə edə bilirdik, indi o da yoxdur”. 

Sakinlərin dediyinə görə, indi əraziyə suyun verilməsi tamamilə dayandırılıb, insanlar suyun mənbəyinə yığışaraq problemlərini özləri həll etməyə çalışırlar:  

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət edirik, deyirlər, biz ancaq su veririk. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edirik, deyirlər, bu məsələ bizim səlahiyyətimizdə deyil, həmin ərazi Xızıya baxır. Bəs onda bu köhnə su borularını niyə apardılar? Köhnə borular deşiləndə, taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” 

Məsələ ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-i ilə də əlaqə saxladıq. Qurumun nümayəndəsi Dilqəm Şərifovun dediyinə görə, “Yaşma bağları” yaşayış massivinə su verilir. Sadəcə olaraq daxili şəbəkələrdə problem yarandıqca müvəqqəti olaraq suyun verilməsi dayandırılır:

Həmçinin oxu: Qurumlar "Yaşma bağları"na niyə sahib çıxmır? - Sakinlər kanal suyuna möhtac qalıb - VİDEO

“Bu ərazidə yaşayan insanlar bağlarına keyfiyyətsiz borularla su çəkiblər. Hər hansısa bir bağa gedən suda problem yarananda da idarəyə suyun dayandırılması ilə bağlı müraciət edirlər ki, təmir işləri görsünlər. Bu zaman isə su müvəqqəti kəsilir. Bundan isə digər sakinlər xəbərdar olmur. Hazırda isə həmin əraziyə suyun verilməsində heç bir problem yoxdur, insanlar su ilə təmin olunurlar.

Ümumiyyətlə, biz bu ərazidə yerləşən daxili küçələrə tamamilə nəzarət edə bilmirik. Çünki biz subartezian quyuları qazırıq, amma şəbəkələri paylamırıq, hər kəs özünə lazım olan arxı çəkib suyunu götürür. Bundan əlavə, ərazidə müəyyən yerlər var ki, istismar idarəsi ora su verməyə borcludur və verir. Qalan ərazilərdə yaşayan vətəndaşlar isə özləri idarəyə müraciət etməlidirlər”.

Ötən ilin noyabrında "Azərsu" ASC-dən bildirilmişdi ki, “Yaşma bağları”ında qurumun mərkəzləşdirilmiş su şəbəkəsi yoxdur:

“Bu ərazidə içməli su yoxdur, insanlar suyu satın alırlar. “Azərsu” tərəfindən bu problemə yalnız 2021-ci ildən sonra, yəni ərazinin su sisteminə investisiya ayrıldıqdan sonra baxıla bilər. Hazırda Bakıətrafı qəsəbələr - Maştağa, Nardaran, Türkan, Zirə, Binə, Şüvəlan və Şağanın bir hissəsində su yoxdur və bu istiqamətlərdə işlər görülür. “Yaşma bağları” isə bağ massividir, yalnız bundan sonrakı mərhələdə baxıla bilər”.

Qeyd edək ki, Sumqayıt şəhər “Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da “Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

"Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO, fotoşəkil-1 "Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO, fotoşəkil-2 "Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO, fotoşəkil-3

Ramilə Qardaşxanqızı

BakuCity.az

Yaşma bağları su problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər